6 C
Baku
Sunday, December 15, 2024

Kapital Bank-ın əməkdaşları 123 yaşlı müştərini ziyarət etdi®

Hər il olduğu kimi Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində maraqlı sosial aksiyalar həyata keçirir. Bu il ahıl insanlar üçün hazırlanan tədbirlə yanaşı, həmçinin Kapital Bank-ın əməkdaşları bankın ən yaşlı müştərisinə baş çəkib, onu qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Sona Səmədova – Kapital Bank-ın Neftçala filialının müştərisidir. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. Sona nənənin hazırda 123 yaşı var və onun 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Təqaüdünü Kapital Bank vasitəsilə alır və ailəsinin bir neçə üzvü də bankın müştərisidir.

Sona nənənin yaşı çox olsa da, olduqca gümrah görünür. Ailə üzvlərinin dediyinə görə o, həmişə Neftçalada qalıb və buranın mülayim və təmiz təbiəti onun belə gümrah olmasına müsbət təsir edir. “Bildiyiniz kimi Neftçala rayonu Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdə yerləşir və təmiz havası var. Əhali əsasən balıq məhsulları yeyir. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Amma hələlik rekord yaş həddi Sona nənədədir”, – deyə, 123 yaşlı müştərinin yaxınları bildirdi.

Kapital Bank adından Sona Səmədovanın simasında bütün yaşlı insanları qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edirik və möhkəm can sağlığı arzulayırıq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

Son xəbərlər
Digər xəbərlər