Milli Məclisdə yeni baş nazirin təsdiqlənməsi ilə bağlı müzaiələrdə çıxış edən deputat Vahid Əhmədov Əli Əsədovu illərdir tanıdığını söyləyib və bildirib ki, o, rəhmətlik Heydər Əliyevin və prezident İlham Əliyevin köməkçisi olaraq uğurlu fəaliyyət göstərib.
Banker.az musavat.com-a istinadən xəbər verir ki, Ə.Əsədov namizədə tövsiyyə xarakterli bəzi fikirlərini ünvanlayıb:
“Əli müəllim mən xahiş edirəm ki, siz baş nazir kimi millət vəkillərinin təkliflərinə diqqətlə yanaşasınız. Millət vəkillərinin müraciətlərinə vaxtında reaksiya verməyinizi sizdən və digər hökumət üzvlərindən xahiş edirəm”.
V.Əhmədov deyib ki, çox uzun müddət keçməsinə baxmayaraq, biz qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail ola bilməmişik:
“Ona görə də millət vəkili olaraq xahiş edirəm ki, vəzifənizin icrasına başlayandan sonra kənd təsərrüfatı, turizm və sənayenin inkişafına ciddi diqqət göstərəsiniz. Digər tərəfdən, hökumətin hesabatı zamanı 350-400 səhifəlik kitab gətirirlər, açığı çox deputat o kitabı axıradək oxumur. 100 səhifəlik ümumi məlumatlar yetərlidir”.