2020-ci ildə dünyada neftin qiymətinin $40 səviyyəsinədək azalması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə az təsir edəcək, ortamüddətli perspektivdə bu qiymət zamanı təsir daha əhəmiyyətli ola bilər. Maliyyə Nazirliyində belə hesab edirlər.
“2020-ci il üçün dövlət büdcəsi bir barel neftin $55 məbləğində hesablanıb. Lakin, bir barel neftin qiymətinin $40-dək enməsi halında dövlət büdcəsinin gəlirlərinə təsiri az olacaq. Qiymətləndirmələrimizə əsasən, bu qiymət zamanı dövlət büdcəsinin gəlirləri proqnozdan 1,6% az olacaq. Həmçinin, birbaşa neft-qaz gəlirləri 1,3%, dolayı yolla neft-qaz sektorundan asılı gəlirlər 0,3% azalacaq”, – “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Eyni zamanda, ortamüddətli perspektivdə, bir barel üçün $40 səviyyəsində qiymət dövlət büdcəsinin gəlirlərinə təsir edə bilər. “Bu halda ARDNF-dən dövlət büdcəsinə transfertlər azalacaq (2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin 47%-i). Bu isə dövlət büdcəsinin gəlirlərinin azalmasına gətirəcək”, – nazirlikdən qeyd ediblər. ”
Nazirlikdən əlavə ediblər ki, 2020-ci ildə neftin qiymətinin $40-dək azalması icmal büdcənin gəlirlərinə müəyyən təsir edə bilər. “Məsələ bundadır ki,2020-ci ildə icmal büdcənin gəlirlərinin 52,7%-i neft gəlirləri hesabına formalaşacaq. Buna görə əgər neftin qiyməti $40-dək azalarsa, o zaman icmal büdcənin faktiki gəlirləri proqnozdan 16,6% az ola bilər”, – Maliyyə Nazirliyindən vurğulanıb.
Maliyyə Nazirliyi 2020-ci il üçün dövlət büdcəsinin gəlirlərini 24 mlrd. 134,5 mln. manat, icmal büdcənin – 29 mlrd. 488,3 mln.manat (ARDNF-nin 12 mlrd. 384,1 mln. manat səviyyəsində gəlirləri daxil olmaqla) səviyyəsində proqnozlaşdırır.