Birləşmiş Ərəb Əmirliklərinin neft şirkəti (ADNOC), ICE və neft treyderləri ilə birlikdə Abu-Dabi birjasını işə salırlar. Yeni platformanın əsas aləti “Murban” neftinin fyuçers müqavilələri olacaq.
Dünyanın ən böyük birja platformalarının operatoru olan “Intercontinental Exchange” in verdiyi məlumata görə, layihənin əsas tərəfdaşları “BP”, “GS Caltex”, “INPEX”, “JXTG”, “PetroChina”, “PTT”, “Royal Dutch Shell”, “TOTSA” (Total) və “Vitol” işrətləridir.
Qeyd edildiyi kimi, neft tədarükü Füceyrə (BƏƏ) limanı vasitəsilə həyata keçiriləcək. Birjanın binası Abu-Dabi şəhərinin maliyyə kvartalında yerləşəcək.
“ADNOC” şirkətinin baş direktoru Sultan Əl Jaber, neft birjasının 2020-ci ilin ilk yarısında işə salınacağını açıqlayıb.
Xatırladaq ki, bu birjanın istifadəyə verilməsi, dünya miqyasında neft hasilatı və ticarəti mərkəzlərindən biri kimi Yaxın Şərq üçün böyük əhəmiyyət daşıyır: qlobal neft hasilatında əhəmiyyətli paya baxmayaraq, bu bölgədə indiyə kimi belə bir platforma olmayıb.