Noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürüləcək ikinci hissəsinin (Faza-1) açılış mərasimi keçiriləcək.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
“TANAP çox əhəmiyyətli layihələrdən biridir. Noyabrın 30-da kəmərin açılış mərasimi keçiriləcək”,- nazir qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.
Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.
Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
©Report