11 C
Baku
Friday, January 10, 2025

“İstixana kompleksində yetişdirilən məhsul Rusiyaya ixrac olunacaq”

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yaradılır.

Belə təsərrüfatlardan biri rayonun Soyulan kəndi ərazisində yaradılan istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb.

“Azaqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov  bildirib ki, kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

“Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 6 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur. Ölkəmizdə sahibkarlara yaradılan şəraitin müqabilində çalışacağıq ki, yüksək keyfiyyətli və ixracyönümlü məhsullar istehsal edək”, – deyə Zəfər Nəsirov bildirib.

 

                                                                                                                         Azərtac

Son xəbərlər
Digər xəbərlər