10 C
Baku
Friday, December 13, 2024

Havanın pisi olmur: yağış və göy üzündəki tutqunluq bizim əhval-ruhiyyəmizə necə təsir edir

Biz özümüzü istədiyimiz qədər güclü və müstəqil hesab edə bilərik, lakin hava şəraitindən asılı olmağımız dəqiqdir. Həqiqətən də çox vaxt işlərimizi, səyahətimizi və bayramlarımızı hava şəraitinə uyğun planlaşdırırıq. Və həmişə olduğu kimi, əhval-ruhiyyəmizi hava şəraitinə bağlayırıq – pis və ya yaxşı. Bu nə dərəcədə doğrudur? Yağış və tutqunluğun rifahımıza və əhval-ruhiyyəmizə göstərdiyi təsir haqqında danışaq. 

Hava tutqun olduqda əhval-ruhiyyəmiz necə dəyişir?

ABŞ-ın San-Fransisko şəhərində (haradakı ilin 67 günü yağışlı keçir) yaşayan psixoloq Teksiya Evans deyir: “Hava boz və ya qara rəng çalalarında olduqda, insanlar həqiqətən də tənhalığa və ya məyusluğa qarşı daha həssas olurlar. Və həqiqətən də əhval-ruhiyyənin hava şəraiti ilə əlaqəli olması ideyası çox geniş yayılıb: uzun müddət yağış yağanda özümüzü tənha hiss etməyə başlayırıq”. 

Melburn Universitetinin psixologiya professoru Nikolas Haslam da hava və əhval-ruhiyyə arasındakı əlaqəni tədqiq edən insanlardan biri olmuşdur. O bu sahədə həyata keçirilən araşdırmaların nəticələrini toplayaraq fərqli iqlimləri araşdırdı və belə bir nəticəyə gəldi ki, havanın insana təsiri bəzən tamamilə gözəgörünməz olur. “Məsələn, günəşli günlərdə insanların tez-tez başqalarına qarşı xoş münasibət bəslədikləri və daha çox çay pulu verdikləri təsbit edildi və hətta fond birjasında belə müsbət dəyişiklər qeydə alınmışdır”, – Nikolas deyir və həmçinin əlavə olaraq bildirir ki, tutqun havada insanlar daha aydın düşünə bilirlər, nəinki günəşli havada. 

Bu fikir Yeni Cənubi Uels Universitetinin psixoloqlarının işi ilə təsdiqlənir – onların fikrincə, tutqun havada insanlar daha effektiv olurlar. Bunu sübut etmək üçün maraqlı təcrübə keçirilmişdir: insanlara mağazalarda gördükləri 10 dənə qeyri-adi əşyanı xatırlamaq tapşırığı verildi. Yağışlı və tutqun havada iştirakçıların xatırladığı əşyaların sayı 3 dəfə çox olurdu. Tədqiqata rəhbərlik edən Cozef Forqasın fikrincə, pis əhval-ruhiyyədə insanlar detallara daha çox diqqət edirlər. 

Yağışlı hava sizə daha aydın və sağlam düşünməyə kömək edə bilər. “Buludların sayəsində darıxdırıcı insanlar daha yaxşı görünürlər” adlı kitabın müəllifi olan Uri Simson, universitetlərdə qəbul komissiyasının işçilərinin günəşli günlərə nisbətən buludlu günlərdə akademik müvəffəqiyyəti daha yüksək qiymətləndirildiyini göstərir. 

Buna baxmayaraq, yağışlı günlər rifahımız üçün problem ola bilər: serotonin hormonunun ifrazı azalır, bunun sayəsində insan daha çox zərərli yeməklərə üstünlük verməyə başlayır. Zərərli karbohidratların bizim sağlamlığımıza zərər vurduğunu unutmayın. 

Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün nə etmək olar?

Teksiya Evans bunu belə izah edir: “Əgər ürəyinizdən işıqları söndürüb yorğana bürünmək keçirsə, əksini edin. Çünki parlaq işıq serotonin (xoşbəxtlik hormonu) hormonunun ifrazına təkan verir və nəticədə əhval-ruhiyyəniz yaxşılaşır”. 

İşıq terapiyasından istifadə edən mütəxəssislərdən biri psixiatr Culiya Semptondur.

“Mən çox vaxt insanlara açıq havada gəzintiyə çıxmağı tövsiyə edirəm – hava soyuq və yağışlı olsa belə.  – Gün işığını görməsəniz də, o var və əhval-ruhiyyənizin düzəlməsinə kömək edir. Əgər heç yerə getmək istəmirsinizsə, sevdiyiniz işlə məşğul olun, kitab oxuyun, oyun oynayın, ev heyvanlarınıza vaxt ayırın”. 

Pis əhval-ruhiyyənin başqa dərmanı da var – idman. Bu haqda çox danışılır, amma yenə də: ürəyiniz sıxılırsa, idman edin! Endorfin hormonunun (sevinc hormonu) ifrazı artacaq və dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər