Gələn il ərzində “SOCAR Petroleum” QSC CNG (“compressed natural gas” – Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.
Bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.
Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır: “Bu gün artıq 9 CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”.
Qeyd edək ki, hazırda 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində “SOCAR Petroleum” Bakıda və Abşeron yarımadasında daha 4 CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.
©Report