Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anormal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.
Banker.az xəbər verir ki, bunu açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır:
“Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.
Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən, günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.
Hazırda müşahidə edilən zəif cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.
U.Tağıyeva bildirib ki, əhalinin narahatlığına əsas yoxdur, müşahidə olunan duman smoq deyil.