15 C
Baku
Sunday, November 24, 2024

Cənubi Koreyanın iqtisadi sıçrayışının əsasları barədə

Cənubi Koreya Asiyanın şərqində yerləşib Koreya yarımadasının cənub hissəsini tutur. Dövlətin tam adı Koreya Respublikasıdır. Paytaxtı Seul şəhəri, ümumi ərazisi 98480 kvadrat-kilometr (quruda – 98 190 kvadrat-kilometr, suda — 290 kvadrat-kilometr) əhalisi 51.7 milyon olan Cənubi Koreya şimaldan Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir. Şərqdə onun sahillərini Yapon dənizinin, cənub və cənub- şərqdə Koreya boğazının, qərbdə Sarı dənizin suları yuyur. Koreya Respublikasına həmçinin bir neçə ada məxsusdur (onların arasında ən iriləri Çeçudo, Çedo və Kocedodur). Əhalisi əsasən koreyalılar (99,9%) və çinlilərdən ibarətdir. Əhalinin orta sıxlığı 1 kvadrat-kilometr üçün 471 nəfər, milli pul vahidi Cənubi Koreya vonudur. Əhali arasında buddizm dininə sitayiş edənlər 47%, xaçpərəstlər 48%, konfutsiçilər 3% təşkil edirlər. Milli bayramları 1 mart — Müstəqillik günü, 15 avqust— Qurtuluş günü, 17 iyul – Konstitusiya günü, 3 oktyabr – Koreyanın yaranması günüdür. Dövlət başçısı Prezident, hökumət başçısı baş nazir, qanunvericilik orqanı bir palatalı Milli Məclisdir. İnzibati ərazi bölgüsü mərkəzə tabeli 9 əyalət və 5 şəhərdən ibarətdir.

Cənubi Koreya Respublikası iqtisadiyyatının yüksək inkişaf səviyyəsinə çatmasında, əlbəttə, dövlət müstəsna rol oynamışdır. Yəni ölkənin iqtisadi inkişafı naminə hökumətin şəxsində iqtisadiyyata güclü və səmərəli rəhbərlik olmuşdur. Belə ki, hökumət yığımın artırılması, ixracın genişləndirilməsi, həm milli investisiya, həm də xarici sərmayə qoyuluşlarına, xarici ölkələrdən yeni texnologiyalar cəlb edilməsinə şərait yaratmaq məqsədilə siyasi xarakterli çoxsaylı tədbirlər görmüş, o cümlədən yeni qanunlar qəbul etmiş, mövcud qanunları diqqətlə nəzərdən keçirmişdir. Hökumət sosial infrastrukturun yaradılması – yollar çəkilməsi, bəndlər qurulması, limanlar, dəmir yolları və məktəblər tikintisi üçün mümkün olan hər şeyi etmişdir.

Dövlət vacib bir məqsəd kimi ortamüddətli və uzunmüddətli planlardan və məqsədli proqramlardan istifadə edilməklə mərkəzləşdirilmiş planlaşdırma sisteminin yaradılması işinə rəhbərlik etmişdir. Bu halda konkret istehsal tapşırıqları və onların yerinə yetirilməsi müddətləri dövlət tərəfindən müəyyən edilir, təsərrüfat fəaliyyətinə ciddi nəzarət edilir və öz vəzifəsinin öhdəsindən gələ bilməyənlər iqtisadi baxımdan amansızcasına məhv edilirlər. Mahiyyət etibarilə Cənubi Koreya iqtisadiyyatı planlı təsərrüfatçılıqla bazar təsərrüfatçılığı üsullarının çox ahəngdar surətdə əlaqələndirildiyi bir sistemdir.

Ölkədə maliyyə-pul tarazlığına nail olmaq məsələsi son 40 ildə dövlətin xüsusi nəzarətində saxlanılmışdır və bu siyasət bu gün də davam etdirilir. Dövlət hətta ölkənin ciddi təsərrüfat çətinlikləri ilə üzləşdiyi illərdə də pul tədavülü, inflyasiya, dövlət büdcəsində kəsir problemini ən fundamental məsələ kimi qiymətləndirirdi, bu sektoru dövlət inhisarında saxlamağı vacib sayırdı.

Cənubi Koreyada dövlət tənzimləməsinin digər mühüm istiqaməti valyuta sahəsinə aiddir. Xarici valyutanı ölkənin Mərkəzi Bankındakı xüsusi hesablarda saxlamağa məcbur etmək üçün 1949-cu ildən müxtəlif variantlar tətbiq edilmiş, bununla da maliyyə və valyuta resurslarının dövlətin əlində cəmləşdirilməsi ictimai istehsalın əsas nisbətlərinin formalaşmasına öz təsirini göstərmişdir. Bu halda ixracın hərtərəfli həvəsləndirilməsinə xüsusi ümid bəslənirdi. Dövlət milli ixracatçılara bank kreditləri verməklə bərabər subsidiyalar ayırmaq variantından da istifadə edirdi. Kreditlərin iqtisadiyyatın potensial baxımdan ən səmərəli sahələrinə verilməsi, səmərəliliyi nəzarətdə saxlanılırdı. Sahələrarası nisbətlərin formalaşmasında dövlət tənzimləməsinin yüksək fəallığı aşkar nəzərə çarpır. Məsələn, aqrar islahat keçirilərkən iri torpaq paylarının daha xırda hissələrə bölünməsi bu islahatın ən mühüm tərkib hissəsi idi. Təbii ki, dövlətin fəal və birbaşa müdaxiləsi olmadan bu tədbirin həyata keçirilməsi mümkün deyildi. 1970-ci illərdən başlayaraq həyata keçirilən «Məqsədli inkişaf» proqramı ümdə əhəmiyyət verilən 7 sahəni əhatə edirdi: maşınqayırma, elektronika, toxuculuq sənayesi, qara metallurgiya, əlvan metallurgiya, neft-kimya, gəmiqayırma. Resurslarla təchizat məsələsində bu sahələrə • üstünlük verilir, onlar vergitutma və digər məsələlərdə müvafiq güzəştlərdən istifadə edirdilər. Eyni zamanda, dövlət üstün əhəmiyyətli sahələrdə rəqabəti ciddi tənzimləyir, özəl şirkətləri ya birləşmək, ya da bazardan çıxmaq seçimi qarşısında qoyurdu.

Ölkədə xarici kapitala dövlət nəzarəti də kifayət qədər ciddi təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, 1967-1986-cı illərdə birbaşa xarici kapital qoyuluşları məcmu investisiyaların 2%-dən az olmuşdur. Dövlət rəhbərliyi ölkənin bilavasitə ümumi inkişaf səviyyəsinin yüksəlməsinə xidmət edən xarici investisiyaları cəlb etməyə çalışır. Buna görə də xarici kapital qoyuluşlarının azı 2/3 hissəsi kimya, maşınqayırma və elektronika kimi prioritet sahələrdə cəmləşir. Beləliklə, burada «üçtərəfli aly- ans» yaradılmışdır: yəni, dövlət, yerli kapital, xarici kapital.

İqtisadi tərəqqiyə təkan verən amillərdən danışarkən xarici texnologiyaların tətbiqi sahəsində yeridilən siyasət böyük maraq doğurur. Ölkə sənayeləşdirmə proqramını həyata keçirməyə başladığı vaxtdan bu yola qədəm qoymuşdur. Xaricdən avadanlıqlar alınması, bir qayda olaraq, texnoloji proseslərdən istifadə hüquqlarının da alınması ilə müşayiət edilirdi. Milli elmin zəif inkişaf etməsi şəraitində xarici ölkələrdən mütərəqqi texnologiyaların cəlb edilməsi yeni istehsal sahələri yaratmağa, buraxılan məhsulun maya dəyərini aşağı salmağa və onun keyfiyyətini yüksəltməyə imkan verirdi. Bu işi genişləndirmək üçün iqtisadi yardım və xaricdən külli miqdarda ssuda kapitalı cəlb edilməsi imkanlarından geniş istifadə olunurdu. Ötən əsrin 50-60-cı illərində əsaslı vəsait qoyuluşu daxili əmanətlərin məbləğindən çox idi. Tədricən xarici investisiyaların xüsusi çəkisi azalmağa meyl edir. Ümumi kapital qoyu- luşlarının tərkibində xarici kapitalın nisbi payı 1961-1965-ci illərdə 59,6% olduğu halda, 1966-1970-ci illərdə 38,8%, 1971-1975-ci illərdə 30,2%, 1976-1980-ci illərdə 14,2%, 1981-1984-cü illərdə isə 15,2% olmuşdur.

Ölkə rəhbərliyi sənayeləşmə səviyyəsini yüksəltmək məqsədi ilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə diqqətini artırırdı. Bunu qeyd etmək kifayətdir ki, 1960-1980-ci illərdə bu məqsədlər üçün ayrılan vəsaitin həcmi cüzi miqdarda artırılaraq ÜDM-in 0,25%-dən 0,58%- nə çatdırılmış, 80-ci illərdən isə bu sahədə ciddi irəliləyişlər baş vermişdi. Aparıcı sahələrin bu işlərdə iştirak edən iri müəssisələri barəsində maliyyə və vergi güzəştləri tətbiq edilirdi. Elm-istehsalat parklarında kiçik seriyalarla məhsul istehsal edən eksperimental istehsalatlar fəaliyyət göstərir, yeni texnologiyalar, məhsullar və materiallar yaradılırdı. Eksperimentlərin nəticələri müsbət olduqda yeni məhsulun kütləvi buraxılışı təşkil edilirdi. Bütün bu nailiyyətlər əsas yaratdı ki, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi tərəfindən dövlətin elmi- texniki siyasətinin əsas istiqamətlərinə dair 15 illik plan hazırlandı.

1993-cü ildə Cənubi Koreyanın öz texnologiyası əsasında yaradılmış ilk tədqiqat peyki orbitə çıxarıldı. Elmi-tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclərin ÜDM-in tərkibində nisbi payı 2,7%-ə çatdırıldı. Bu, Qərbin aparıcı ölkələrində mövcud olan səviyyəyə uyğun idi. Onu da qeyd edək ki, maliyyə vəsaitlərinin xeyli hissəsi tətbiqi xarakterli tədqiqatlara yönəldilirdi. Aparılmış hesablamalara görə, Cənubi Koreyanın texnoloji inkişafının ümumi səviyyəsi Qərbin sənaye ölkələri üzrə orta səviyyənin 40%-nə bərabərdir, bir sıra sahələrdə isə daha yüksəkdir. Bu faktlar elmi-texniki işçilərin və tədqiqatçıların nisbi sayı barədə məlumatlarla da təsdiqlənir: 1989-cu ildə ABŞ-da əhalinin hər 10 min nəfərinə düşən elmi-texniki işçilərin və tədqiqatçıların sayı 39 nəfər, Yaponiyada 37 nəfər olduğu halda, Koreyada müvafiq rəqəm 16-ya bərabər olmuşdur, indi bu sahəyə iqtisadi inkişafın güclü amili kimi baxılır.

Ötən əsrin 60-80-ci illərində iqtisadi artımı müəyyənləşdirən əsas amil əmək resursları idi. Həmin dövrdə ÜDM artımının 30,8%-i əmək resurslarının payına düşürdü. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə ÜDM artımının 23,5%-i investisiyalar hesabına,

17,8%-i texnologiyaların tətbiq edilməsi yolu ilə, 18,7%-i istehsalın miqyasının genişləndirilməsi vasitəsilə, 9,2%-i resursların səmərəli yerləşdirilməsi sayəsində təmin edilmişdi.

Obyektiv və subyektiv, iqtisadi və siyasi, daxili və xarici xarakterli bir çox müxtəlif amillər Cənubi Koreya iqtisadiyyatının sürətli inkişafına əvvəllər də təsir göstərmişdir və indi də təsir göstərməkdə davam edir. Həmin amillərin ən əhəmiyyətli olanları bunlardır:

xarici aləmlə qarşılıqlı təsirə əsaslanan ixrac yönümlü inkişaf strategiyası;

demokratik siyasi dəyişiklikləri iqtisadi inkişafın xeyrinə təxirə salmış avtoritar hökumətlərin şəxsində güclü və effektiv rəhbərlik;

hərbi-sənaye kompleksinin saxlanılmasına çəkilən xərclərin nisbətən az olması (bu məsrəflər Şimali Koreyada ÜDM-in 60-70%- ni təşkil etdiyi halda, Cənubi Koreyada ÜDM-in 2-3%-i həddindədir);

xaricdən maliyyə və texnoloji xarakterli kapital qoyuluşlarının, sənaye avadanlığının cəlb edilməsi;

etnik və mədəni yekcinslik, eləcə də konfutsiçilik ənənələrinə, əməksevərliyə, millətin təhsilinə, onun həyatda qazandığı uğurlara və öz millətinə sədaqət hissinə yüksək qiymət verilməsi.

Yuxarıda sadaladığımız və bir sıra başqa amillər Koreya Respublikasının iqtisadi inkişafının sürətlənməsinə bir çox cəhətdən şərait yaratmışdır.

Cənubi Koreyanın iqtisadi inkişafını şərtləndirən amillər barəsində danışarkən ixrac siyasətinin və kənardan gətirilmiş texnologiyaların (sənaye avadanlığı və «know how») rolu barədə bir qədər ətraflı söhbət açmaq istəyirəm.

İxrac siyasətinə gəldikdə, onu Koreya iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsinə çevrilmiş ən sanballı amil hesab etmək olar. Xarici texnologiyalara müraciət edilməsinə Koreya iqtisadiyyatının inkişafının ixrac modelinin təbii nəticəsi kimi baxılmalıdır.

1980-ci illərdən başlayaraq Cənubi Koreya iqtisadiyyatı xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, həm də xaricdən müasir texnologiyaların cəlb edilməsinə istiqamətləndirildi. 1962-1982-ci illərdə Cənubi Koreya inkişaf etmiş kapitalist ölkələrindən texniki avadanlıqların («know how»lar) alınması barədə ümumi məbləği 681 milyon dollar olan 2281 müqavilə bağlamışdı. Bu həmin dövr ərzində birbaşa investisiyaların məbləğinin 47,7%-nə bərabər idi. İstehsal avadanlıqlarının alınması barədə əqdlərin çox hissəsi (56,4%) yapon biznesmenləri ilə bağlanmışdı, hərçənd yaponlar Cənubi Koreya firmaları ilə bu sahədə əməkdaşlığa ABŞ-m və digər ölkələrin işgüzar dairələrindən dörd il gec qoşulmuşdular. İstifadə edilən texnika və texnologiyalar üçün Cənubi Koreyanın maliyyə ayırmalarının məbləğində də Yaponiyanın nisbi payı başqalarından xeyli çox idi. On il ərzində (1967-1977-ci illər) yaponiyalı sahibkarlar Koreyadan 52 milyon dollar (59%) vəsait almışdılar. Halbuki, 15 il ərzində (1962-1977-ci illər) ABŞ və Qərbi Almaniyanın bu ölkədən aldığı vəsaitin məbləği, müvafiq surətdə 24,3 milyon dollar (27,7%) və 4,4 milyon dollar (5%) olmuşdur.

Beləliklə, hökumət tədricən ən müasir texnologiyaların cəlb edilməsinə daha çox əhəmiyyət verir və təkid edirdi ki, bütün özəl firmalar onların sərəncamında olan xarici texnologiyaları öz aralarında məcburi qaydada mübadilə etsinlər. Ticarət və sənaye naziri isə elan etmişdi ki, o, xırda və orta ölçülü firmalar tərəfindən yeni xarici texnologiyaların tətbiqini təqdir edəcəkdir. 1984-cü ildən qüvvəyə minmiş həvəsləndirmə sistemi ilk növbədə elektron məhsullar istehsalı ilə məşğul olan firmalara şamil edilmişdi. Hələ mənimsənilməmiş olan bu nüfuzlu sahədə fəaliyyətini genişləndirməyə cəsarət tapan müəssisələrə maliyyə və texniki dəstək fondu yaradılmışdı. 1988-ci ildə bu fondun vəsaitlərinin məbləği 400 milyon dollara bərabər idi. Maliyyə Nazirliyi 1983-cü il avqustun 12-dən etibarən banklara bir vəzifə olaraq tapşırmışdı ki, onlar xarici texnologiyaların tətbiq edilməsi məqsədilə borc almaq üçün müraciət edən özəl firmaları intensiv dəstəkləsinlər. Xüsusi dəstək kreditləri iki il güzəştli dövr nəzərdə tutulmaqla, ildə 10% müamilə ilə 5 il müddətinə verilirdi.

Cənubi Koreyanın gəmiqayırma sahəsində də buna oxşar nümunələr göstərmək olar. Müvafiq texnologiyaların (onlar əvvəlcə Yaponiyadan, sonra isə İngiltərə, Fransa, Norveç və Hollandiyadan alınmışdı) mənimsənilməsi sayəsində Cənubi Koreya gəmiqayırma ilə bağlı sifarişlərin həcminə görə dünyada ikinci yerə çıxmışdı.

Cənubi Koreya sənayesinin yeni avadanlıq növləri ilə təchiz edilməsi müxtəlif kanallarla həyata keçirilirdi. Sənaye avadanlıqları əsasən kommersiya borcları xətti ilə daxil olurdu, lakin bir sıra hallarda həmin avadanlıqlarla birlikdə müvafiq texnoloji kömək vasitələri təqdim edilmir və nəticədə müvafiq texniki kadrların hazırlanması qayğısı koreyalıların üzərinə düşürdü.

Avadanlıqların və texnologiyaların verilməsi məsələsində bir qədər başqa vəziyyət yaranmışdı. Texniki sazişlərə uyğun olaraq xarici firmalar ya Cənubi Koreyaya texniki məsləhətçilər göndərməyi, ya da yerli mütəxəssisləri hazırlamağı öz öhdəsinə götürürdü. Xarici texnoloji yardımın əsas dəyəri də məhz ondan ibarət idi ki, həmin texnologiyalar elmi-texniki inqilabın son nailiyyətləri səviyyəsində olduqda, müvafiq yerli kadrların hazırlanmasına şərait yaranırdı.

Son zamanlar ölkədə qarışıq müəssisələrə birbaşa investisiyaların cəlb edilməsinə daha artıq diqqət yetirilir.

1997-99-cu illərin Asiya böhranı, iri həcmli kreditlər və nizamsız maliyyə sektoru Cənubi Koreyanın inkişafına öz mənfi təsirini göstərdi. Lakin ölkə bu sarsıntıdan qurtula bildi.

Koreyada islahatlar apanlarkən dünyada mövcud olan inkişaf modelləri, Şərqi Asiya, Şərqi Avropa, MDB, Latın Amerikası ölkələrində islahatların ideologiyası təhlil edilmiş, özünü doğrultmuş və ölkənin şəraitinə uyğun olan müddəalar seçilmişdir.

Koreya iqtisadiyyatının inkişafında xarici borcların da rolu vardır. Lakin Koreya hökuməti bu borcların sürətlə artmaması, onlardan iqtisadiyyatın müasir texnologiyalar əsasında inkişafı naminə səmərəli istifadə olunması üçün düşünülmüş tədbirlər həyata keçirir.

Koreya hökuməti xarici borclar probleminin optimal həlli üçün inkişaf strategiyasında milli mənafelərin, iqtisadi təhlükəsizliyin təmin olunmasını, eləcə də qloballaşma meyillərinin nəzərə alınmasını, beynəlxalq maliyyə təşkilatları, kreditorlarla konstruktiv danışıqların aparılmasını vacib vəzifələr sırasında görür.

Son 25 ildə Koreyanın qat-qat varlanmasının başlıca səbəblərindən biri ixrac yönümlü iqtisadiyyatın yaradılmasıdır. Belə ki, Koreya Beynəlxalq Ticarət Assosiasiyasının məlumatına görə, Cənubi Koreyada ixracın həcmi 20,1% artaraq 172 milyard 600 milyon dollara çatmış və ölkənin 9,2%-ə bərabər iqtisadi artımının təqribən 5,4%-i məhz bunun hesabına təmin edilmişdir. Beləliklə, iqtisadi artımın ümumi həcmində ixracın nisbi payı 58,7%-ə bərabər olmuşdur. Bu, 1975-ci ildən bəri ən yüksək nailiyyətdir. Elə həmin assosiasiyanın məlumatına görə, 2000-ci ildə ixrac hesabına 97 milyard dollardan artıq gəlir əldə edilmişdir. Bu isə ölkənin ümumi milli məhsulunun (462 milyard dollar) 21%-i deməkdir. Bundan əlavə, ixrac hesabına təqribən 2,3 milyon iş yeri təmin edilmişdir. Bu meyil indi də özünü göstərir.

Cənubi Koreya yüksək texnologiyalı müasir dünya iqtisadiyyatına inteqrasiyada mükəmməl nəticələrə nail olmuşdur, halbuki 40-50 il öncə ölkənin ümumi daxili məhsulunun adambaşına səviyyəsi Afrika və Asiyanın kasıb ölkələrinin səviyyəsi ilə müqayisə edilə bilərdi. Bu uğur 1980-cı illərin sonlarından bilavasitə kredit, idxal məhdudiyyətləri, hökumətlə biznes arasında sıx əlaqə sistemi vasitəsilə əldə edilmişdir. Hökumət xammalın idxalını və çoxişlənən malların qiymətləndirilməsi texnologiyasını təkmilləşdirmiş və cəlb olunmuş kapital və istehlakdan artıq sərmayə qoyuluşuna imkan yaratmışdır. Ölkənin dünya iqtisadiyyatına inteqrasiyası aparılan sistemli islahatların səmərəliliyinin artmasına, dünya təcrübəsində özünü doğrultmuş metodlardan, beynəlxalq standartlardan istifadə olunmasına, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin tədricən artmasına, ümumiyyətlə, iqtisadi mədəniyyətin yüksəlməsinə, müasir sahibkarlar, biznesmenlər qrupunun formalaşmasına imkan vermişdir. Koreya artıq dünya ticarətində rolunu ildən-ilə artıran bir ölkə kimi tanmır. Ölkədə beynəlxalq əməkdaşlığın bütün səmərəli formalann- dan istifadə etməyə səy göstərilir. Bu sahədə aparılan siyasətin ideologiyasının ana xətti milli mənafeləri qorumaqla dünya bazarına çıxmaqdan, qloballaşan iqtisadiyyatda dövlətin mövqeyini möhkəmləndirməkdən ibarətdir.

Misilsiz iqtisadi inkişaf sayəsində Cənubi Koreyada istehsal edilən malların, o cümlədən inteqral sxemlərin, gəmilərin və maşınlar üçün avadanlığın Avropa ölkələrinə ixracı qat-qat artmışdır. Koreyanın Xarici Ticarətin İnkişafina və İnvestisiyalara Yardım Korporasiyasının (KOTRA) məlumatına görə, 2006-cı ildə Cənubi Koreyadan Avropaya əmtəə ixracının həcmi 25 milyard dollara yaxınlaşmışdır. Hər il Koreya Avropa bazarında 3,5-4,0 milyard dollarlıq inteqral sxemlər, 3 milyard dollarlıq avtomaşın satır. Cənubi Koreya mallarının əsas idxalçıları Çin, Böyük Britaniya, Almaniya və Niderlanddır.

Ticarət, Sənaye və Energetika Nazirliyində belə hesab edirlər ki, Cənubi Koreyadan əmtəə ixracı ABŞ iqtisadiyyatında müəyyən dövrlərdə özünü göstərən tənəzzül, daxili iqtisadiyyatda vəziyyətin əlverişsiz olması kimi çətinliklərlə üzləşir. Lakin neftin qiyməti sabit olduqda, eneıjiyə hərtərəfli qənaət siyasəti həyata keçirildikdə və ixracın artırılması üçün səylər davam etdirildikdə, bu çətinlikləri aradan qaldırmaq tamamilə real olur. Təcrübə göstərmişdir ki, ixrac hesabına artım iqtisadi inkişaf üçün zəruri şərtdir. Lakin sərbəst ticarət heç də hər şeyi həll etmir. Bu gün çox böyük uğurlar qazanmış bir ölkənin iqtisadiyyatında təkcə ixracın artırılması deyil, həm də elmə, texnologiyaya və ali təhsilə sanballı investisiyalar qoyulması mühüm rol oynayır.

Koreya hökuməti yaxşı başa düşür ki, qloballaşan dünyada yalnız güclü elmi potensialı olan ölkə nüfuzlu sayıla bilər. Hökumət bilir ki, vacib problemlərdən biri də şəhərlərin sürətli inkişafı ilə normal həyat şəraitinin yaradılması arasında uyğunsuzluqların aradan qaldırılmasından ibarətdir. Bu sahədə də ciddi addımlar atılır. Asiya ölkələrinin əhalisi zəhmətsevər və zəkalı olduğundan nəinki Koreya, bütövlükdə Asiya qitəsi böyük iqtisadi tərəqqiyə nail olacaqdır.

Yuxanda deyilənlərə qısaca yekun vursaq, bu qənaətə gəlmək’ olar ki, Cənubi Koreya inkişaf yollarında qarşılaşdığı maneələri qısa müddət ərzində uğurla dəf edərək dünya sivilizasiyasında layiqli yer tutacaqdır.

Bu gün dünya iqtisadiyyatında özünəməxsus yer tutan Koreya Respublikası Azərbaycanla da bütün sahələrdə əməkdaşlığı özünün strateji vəzifələrindən sayır.

Müəllif: akademik Ziyad Səmədzadə

Son xəbərlər
Digər xəbərlər