Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqatla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) müraciətlər daxil olub.
Banker.az bildirir ki, bu barədə Report-un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
Məlumata görə, müraciətlərin qəbulu bu gün, yəni yanvarın 24-də başa çatacaq.
“Lakin bu günə kimi ödənişli seçkiqabağı təşviqatla bağlı efirə çıxan olmayıb”, – İTV-dən əlavə olunub.
Xatırladaq ki, Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır.
İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.
Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.