Yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.
Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.
Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı Komissiya seçilir. Bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da parlamentin növbəti çağırışının birinci iclası işini bitirir.
Qeyd edək ki, Milli Məclisə ümumi seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün Konstitusiya Məhkəməsi Plenumunun iclası Konstitusiya Məhkəməsinə materiallar daxil olduğu gündən ən geci 10 gün keçənədək başlamalıdır.
Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Qeyd edək ki, Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.