Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində işlərə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata əsasən, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metr olacaq. Layihə çərçivəsində vətəndaşların körpü üzərində rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkilərinin salınması da nəzərdə tutulur.
Hazırda körpünün 13 dayağından 10-da tikinti işləri aparılır. Bundan başqa avtomobil körpüsünün sağ və sol istinad divarlarının təməlqazma işləri də görülür.
Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətrtaf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 km əlavə məsafə qət etməli olurlar.
Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.
Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, Qəbələ rayonunun 11 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən və 18 km uzunluğa malik Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 2019-cu ildə yenidən qurularaq istifadəyə verilib. Təqribən 30-35 km-lik məsafənin qısaldılması məqsədi ilə sözügedən yolun rayon mərkəzindən Bum qəsəbəsinə qədər gələn avtomobil yoluna birləşdirilməsinə zərurət yaranmışdı.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
©Trend