“Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və rentabelli fəaliyyətin, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyətini, birgə iş çərçivəsində bu sahənin sürətli inkişafına nail olunacağını qeyd edib.
Daha sonra “Azərbaycan Dəmir Yolları” sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları”nın əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.
©Report