Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
Bu barədə açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
O bildirib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidiolomoji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: “Bununla əlaqədar olaraq, Penitensiar Xidmətin müəssiələrində saxlanılan şəxslərinə görüş və sovqat qəbulu dayandırılıb”.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
©Report