14 C
Baku
Sunday, November 24, 2024

Uorren Baffetdən 10 hikmət

Müəllif: Yeganə Məmmədova , Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Uorren Baffet dünyanın ən tanınmış və zəngin investorudur. O, səhmlərə sərmayələr qoymaqla nəhəng kapital sahibi olmuşdur. «Forbes» jurnalının versiyasına görə, Baffet planetin milyarderləri sırasında Bill Geytsdən sonra ikinci yerdədir. Onun kapitalı hazırda 46 milyard dollar təşkil edir. Zənn edirik ki, bu peşəkarın tövsiyələrini dinləmək hər birimizin xeyrinə olar. 

Uorren Baffetin birinci prinsipi: «İnvestisiya – pulu bu gün yatırıb sabah daha çox pul əldə etməkdən ibarətdir». Baffet həmişə sadə həyat tərzi nümayiş etdirmişdir: bahalı kotteclərdə yaşayıb restoranlarda qidalanmaq əvəzinə hər bir senti səhmlərə qoymuş, 35 il ərzində kapitalını 100 min dollardan başlayaraq 200 000% artırmışdır.

İkinci prinsip: «Məhsullarını şəxsən bəyəndiyiniz şirkətlərin səhmlərini alın». Məsələn, Baffet vaxtı ilə çox xoşladığı «Jillet» ülgücləri istehsal edən şirkətin səhmlərinin 9%-lik zərfini alırdı.

Üçüncü prinsip: «Sizə məlum olmayan sahələrə heç vaxt qoyuluşlar etməyin». Düzdür, hava proqnozları kimi, analitiklərin proqnozlarına və tövsiyələrinə də qulaq asmaq lazımdır, lakin onlara 100% etibar etmək olmaz. Məhz buna görə də pullarınızı şəxsi fikrinizə əsasən, sizə məlum olan sahələrə qoyun.

Dördüncü prinsip: «Zərərlə işləyən müəssisələrdən uzaq olun!» Və ya, daha yaxşı olar ki, xoşunuza gəlməyən müəssisələrlə heç bir iş görməyəsiniz.

Beşinci prinsip: «Hər artan səhmin arxasında uğurlu biznes durur». Ticarətlə məşğul olanlar arasında belə bir məsəl var: «Qiymət hər şeyi nəzərdə tutur» və əgər şirkətdə hər şey qaydasındadırsa, səhmlər adətən artıma məhkumdur.

Altıncı prinsip: «Beynəlxalq şəbəkəli biznesə pul qoyun». Düzdür, xarici şirkətlərlə hamı əməkdaşlıq etmir. Əməkdaşlıq edənlər əsasən xammal sahələridir – neft, qaz, metallar.

Yeddinci prinsip: «Bazarda qalib səhmlər olur və onları tapmaq zəruridir». Belə ki, bir qayda olaraq, bəzi şirkətlər digərlərindən daha sürətlə inkişaf edir.

Səkkizinci prinsip: «Əgər siz həmişə hesablamalardan istifadə edirsizsə, ola bilər yüksəkliklər fəth etməyəcəksiz, lakin əvəzində ağılsız hərəkətdən uzaq olacaqsınız». Şübhəsiz, bazarın analizinin xüsusi metodikası vardır və bu metodikadan istifadə etmək: xəbərləri, şirkətlərin hesabatlarını, xammala olan qiymətləri izləmək lazımdır. Analizdən istifadə edin və siz savadsız investorlar kütləsindən çıxacaq, təbii ki, mənfəətiniz də artacaqdır.

Doqquzuncu prinsip: «Ən başlıcası – şirkətlərin tarixidir». Bu ifadəni Baffet təkrarlamağı xoşlayır. Maliyyə kralının nöqteyi-nəzərindən investorlar arxanı göstərən güzgüyə baxaraq,tez-tez eyni səhvə yol verirlər. Onlar vəziyyəti qısa keçmişlə qiymətləndirməyə çalışır, ən əlverişli imkanları nəzərdən qaçırırlar. Şirkətin qısamüddətli hadisələrini deyil, inkişaf tarixini bütövlükdə nəzərdən keçirmək lazımdır. Bu prinsipi dərk etməyən investorlar 1998-ci il böhranı haqqında xatirələri yada salıb ciddi surətdə gerilədilər. İnvestorlar itirilmiş mənfəət üçün xiffət çəkən zaman bazar neftin qiymətinin artmasında və xarici investisiya axınında sürətinin artırırdı.

Onuncu prinsip: «İlham mənbəyi tələskənlik xoşlamır». Baffet deyir: «Mən səhmləri alıram və sabah bazarın başına nələr gələcəyi məni narahat etmir. Lakin bazarın uzunmüddətli dövrdə necə olacağı barədə qabaqcadan nə isə demək heç də çətin deyil».

Faktlarla mübahisə əbəsdir. Baffet, şübhəsiz ki, haqlıdır. Məsələn, son illər Rusiya bazarında həm enişlər, həm də zirvələr olmuşdur, lakin bazar 1998-ci il minimumundan 44 dəfə artmışdır.

BAFFET VAR-DÖVLƏTİNİN SİRLƏRİ

Fond bazarında iki yanaşma mövcuddur – texniki və fundamental. «Yeni baffetologiya» kitabında dünyanın ən dahi investorunun sirri açıqlanır. O, yalnız qiymətli kağızlara sərmayə qoymaqla ilkin 105 min dolları 30 milyarda çevirməyə müvəffəq olmuşdur.

Baffet sirri bundan ibarətdir: o, var-dövləti birjada oynamaqla deyil, həmin birjalarda oynayan insan və təşkilatlarla oynayaraq yığmışdır. Uorren digər investorların bədbinliyindən və fərasətsizliyindən çox bacarıqla istifadə edir.

Maraqlıdır ki, insanlar və maliyyə təşkilatları birjada tez bir zamanda mənfəət əldə etmək üçün oynayırlar. Onlar tez və asan əldə edilən pul dalınca qaçır və nəticədə onların investisiya metodlarına və investisiya fəlsəfəsinə uzaqgörənlik xas deyil. Uorren belə hesab edir ki, bu, tez və ya gec irimiqyaslı itkilərə səbəb olur. Bu səhvlər baş verəndə investorlar geri çəkilir və səbrli Uorren öz milyardları ilə bu seçilmiş şirkətləri qarşılıqlı fondlardan və fərdi investorlardan alır. Uorren bunu qorxusuz, heç bir narahatlığa yol vermədən edir, çünki o bilir ki, fond birjasının bu günkü uğursuz şirkəti sabah hamı üçün arzuolunan olacaq. Bu günlə yaşayan investorlar hər hansı qiymətli kağızların qiymətinin qalxmasını eşidib alır və sabah bu barədə yaxşı məlumat olmadıqda, tezliklə onları satır. Bu, axmaqlıqdır, lakin fərdi investorların və qarşılıqlı fondların menecerlərinin çoxu məhz belə edir.

Bu və ya digər şirkətin bu gün qiymətdə qalxmasının investorlar üçün əsas olması düzgün deyil, lakin onu da yaddan çıxarmayaq ki, fond bazarı hazırda «artıma investisiyalar» adlı bum dövrünü yaşayır. Uorren Baffet isə bu oyunları tam ağılsızlıq hesab edərək, oynamır. Bu investorları satmağa sövq edən pis xəbərlər iqtisadiyyatın hər hansı böyük sahəsində tənəzzülün başlanmasından rüblük göstəricilərdən və ya Yaxın Şərqdə müharibəyə qədər ola bilər. Yaddan çıxarmayaq ki, hazırkı şəraitdə Uoll-stritdə belə bir ideya hökmranlıq edir ki, səhmlərin qiyməti düşürsə, onlardan tez bir zamanda yaxa qurtarmaq lazımdır. Bu o deməkdir ki, hər hansı səhmlərin qiyməti düşürsə, bir çox qarşılıqlı fondlar bu səhmləri dərhal satmağa başlayır. Sadəcə ona görə ki, hamı belə edir. Uorren bunu ağılsızlıq adlandırır. Digər tərəfdən isə, məhz bu ağılsızlıq onun üçün varlanmağa əlverişli imkan yaradır.

Uorren başa düşmüşdür ki, hər hansı şirkətin səhmlərinin kotirovkalarının artımı onun haqqında yaxşı xəbərlər fonunda bu səhmlərin qiymətinin qaldırılması üçün kifayətdir. Adətən bunu «yaxşı xəbərlər fenomeni» adlandırırlar. Aydındır ki, buna əks olan durum da vardır. Birjada şirkətin pessimist kotirovkaları və bunun fonunda həmin şirkət haqqında pis xəbərlər səhmlərin kursunun kəskin düşməsinə səbəb olur. Bu, əlbəttə ki, «pis xəbərlər fenomenidir».

Uorren aydınlaşdırmışdır ki, hər iki halda şirkətin uzunmüddətli gücü və qiyməti rədd edilir. Birjanın qısamüddətli mentaliteti bəzən hər hansı şirkətin həddən artıq qiymətləndirilməsinə, bəzi hallarda isə ciddi olaraq lazımınca qiymətləndirilməməsinə gətirib çıxarır.

Uorren uğurlarının ikinci amili ondan ibarətdir ki, zaman keçdikcə biznesin uzunmüddətli iqtisadi qiyməti vəziyyəti bərabrləşdirir və şirkətin səhmləri tədricən həqiqi qiymətini alır.

Müəssisələrin şişirdilmiş qiymətləri vaxt keçdikcə aşağı düşməklə düzəlir, nəticədə isə onun səhmdarları bir qədər yoxsullaşır. Bu o deməkdir ki, bir çox dəbdə olan investisiyalar gec və ya tez toza çevrilir və investorları müflisləşdirir. İnternet-şirkətlərin partlamış köpükləri həmin populyar və hər dəfə təkrarlanan ssenarini xatırladır.

Digər tərəfdən, vaxtında lazımi qiymətini almamış şirkətlər yüksəlməyə doğru qiymətləndirilir, səhmdarlarını varlandırır. Bu o deməkdir ki, bu gün bazarın yaxa qurtarmağa çalışdığı səhmlər sabah parlaq ulduzlar kimi sayrışa bilər. Buna misal olaraq 2000-ci ildə tənəzzül dövrünü yaşamış sığorta sahəsini göstərmək olar. Həmin il sığorta şirkətlərinin səhmləri yarıbayarı ucuzlaşmışdı. Avtomobil sığortası nəhəngi «Allstate»nin səhmlərinin bir ədədi 19 dollara, Uorrenə məxsus «Berkshire Hathaway» –in qiymətli kağızları isə ədədi 40,8 min dollara satılırdı. Bir ildən sonra «Allstate»nin səhmləri 40 dollara, Uorrenə məxsus «Berkshire Hathaway» –in qiymətli kağızları isə 70 dollara qalxmışdı. Beləliklə, tənəzzül dövründə bu şirkətlərin səhmlərini əldə edən səhmdarlar il ərzində öz kapitallarını 75%-dən çox artıra bilmişdilər.

Uorren belə bir qənaətə gəlmişdi ki, birja yaxşı şirkət haqqında pis xəbərlərə kəskin reaksiya verir və onun səhmlərindən yaxa qurtarmağa tələsir və bununla da, onların alqısını uzunmüddətli iqtisadiyyat nöqteyi-nəzərdən əlverişli edir. Bu baş verəndə isə Uorren birjaya gəlib bacardığı qədər səhmlər alır və bilir ki, vəziyyət yaxşılaşanda həmin şirkətin möhkəm iqtisadi bazası öz sözünü deyəcək və onun səhmləri öz lazımi qiymətini alacaq.

Baffet bir dəfə demişdir: «Aşağı kotirovkaların ən yayılmış səbəbihərdən bütöv iqtisadiyyata, bəzən isə konkret şirkət və ya sahələrə aid edilən pessimizm olur… Biz pessimistləri sevirik, çünki onlar qiymətləri aşağı salır».

Görünür, Uorrenin fantastik var-dövlətinin başlıca mənbəyi optimistlər yox, məhz pessimistlərdir.

Nə demək olar? Həyat ziddiyyətlərlə, təzadlarla doludur. Varlanmaq istəyirsizsə, nikbin olun. Tək varlanmaq üçün yox, ümumiyyətlə, yaşamaq, yaratmaq üçün.

Son xəbərlər
Digər xəbərlər