Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ombudmanın illik hesabatı zamanı cəmiyyəti narahat edən bir sıra problemləri qaldırıb və müvafiq qurumlara müraciətlər səsləndirib.
Bakı şəhərinin müxtəlif ərazilərində, Abşeron rayonunda özbaşına tikilən lakin dövlət qeydiyyatına alınmayan tikililər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmaması ciddi problem olaraq qalmaqdadır deyən Qənirə Paşayeva bildirib ki, bu problem minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır.
“Bununla bağlı hər ay xeyli sayda vətəndaş müraciətləri alırıq. Nəzərə alsaq ki, bu evlərin çoxu maddi imkanları, ailə gəlirləri az olan ailələrə məxsusdur, bu problemin öz həllini tapması minlərlə ailəni çox ciddi narahat edən problemin aradan qalxmasına səbəb olar. Cənab Prezidentimiz İlham Əliyev bu cür ailələrə dəstək məqsədilə bu problemin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib” – deyən Qənirə Paşayeva Ombudsmanın məruzəsində də öz əksini tapan bu problemin qısa zamanda həll olunması üçün müvafiq dövlət qurumlarına çağırış səsləndirib.
©Modern