9 C
Baku
Thursday, December 12, 2024

Neftçalalı pambıqçı bu il hər hektardan azı 35 sentner məhsul götürmək niyyətindədir

Neftçalada çiyid səpini uğurla davam edir və qısa müddətdə 2 min hektardan çox sahəyə çiyid səpilib. Cari təsərrüfat ilində rayonda 5 min hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 16 min 74 ton pambıq istehsal edən rayonun “ağ qızıl” ustaları cari ildə 5 min 988 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2 min 598 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində 350-400 hektar sahəyə çiyid səpilir. Məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala MKT və İK” MMC və “Aqrolizinq” ASC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Artıq rayonun Xol zonasında ilkin səpin aparılmış 200 hektardan sahədə yaxşı bitiş alınıb.

Ötən il 28 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayan Boyat kənd sakini Mürsəl Qafarov bu günə kimi əkəcəyi 50 hektar pambıq sahəsinin 20 hektarında səpin aparıb. “Ağ qızıl” ustası bu il becərdiyi sahənin hər hektarından azı 35 sentner məhsul götürmək niyyətindədir. Pambıqçı bu istəyinə çatmaq üçün səpini aqrotexniki qaydada həyata keçirir.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 78 hektar pambıq sahəsindən 16 min 74 ton məhsul toplayıblar.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər