Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha bir ay uzatmaq niyyətindədir. Hazırda tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 6-dək davam edəcək.
Bunu Yaponiyanın Baş Naziri Şinzo Abe parlamentin yuxarı palatasında büdcə komitəsinin iclasında çıxışı zamanı bəyan edib. Baş Nazir bildirib ki, mayın 6-da fövqəladə vəziyyət rejiminin başa çatdığını elan etmək məsələsi açıq olaraq qalır. Ölkədə koronavirusa yoluxma hallarının hələ də artmaqda davam etdiyini bildirən Ş.Abe bildirib ki, belə perspektiv çox az gözləniləndir.
Yaponiya prefekturalarının qubernatorları aprelin 29-da keçirdikləri növbəti onlayn iclas zamanı mərkəzi hökumətə fövqəladə vəziyyət rejiminin uzadılması təklifi vermək barədə qərar qəbul ediblər.
Qubernatorların əksəriyyətinin bildirdiyinə görə, fövqəladə vəziyyət rejiminin qismən azaldılması insanların daha fəal hərəkətə keçməsinə səbəb olacaq ki, bu da koronavirusun yayılma təhlükəsini artıra bilər.
Yaponiya hökuməti yanında fəaliyyət göstərən fövqəladə şuranın mayın 1-də keçiriləcək iclasında koronavirusun yayılması ilə bağlı ümumi vəziyyətin və müxtəlif regionlarda onun qarşısını almaq istiqamətində səhiyyə orqanlarının fəaliyyətinin müzakirəsi gözlənilir.