“Azərkosmos” ASC 2019-cu ili 3,6 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 6,5 milyon manat zərərlə çıxmışdı.
Banker.az xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 52 milyon manat (əvvəlki ilə nisbətən 41,2% çox), xidmətlərinin maya dəyəri 38 milyon manat (7,1% çox), ümumi və inzibati xərcləri 10,7 milyon manat (21,5% çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə zərəri 621 min manat (3,9 dəfə çox), maliyyə gəlirləri 12,2 milyon manat (2,6 dəfə çox), maliyyə xərcləri 19,5 milyon manat (2,6 dəfə çox), maliyyə icarəsi müqavilələri üzrə satışdan tanınmış mənfəəti 7,7 milyon manat (əvvəlki il olmayıb), sair gəlirləri isə 447 min manat (88,3% az) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 628,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 10,4% azalaraq 663,8 milyon manata, balans kapitalının çatışmazlığı isə 59,7% azalaraq 35,2 milyon manata düşüb.
Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 169,3 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.