Bir çoxumuz həddən artıq işləyirik və bu, tükənmə, depressiya və əhval-ruhiyyənin pisləşməsi kimi problemlərə səbəb olur. Aşırı yüklənmə və yorğunluq – uğur və ya xoşbəxtliyin resepti deyil.
Tükənmə və yorğunluq kimi problemlərin yaranmasına təsir edən bir sıra amillər var. Onlardan ən geniş yayılanları bunlardır:
– vəzifəniz ağır öhdəlikləri nəzərdə tutur və sizin iş yükünə nəzarət etməyə vaxtınız yoxdur;
– bir neçə işdə işləmək məcburiyyətindəsiniz və bunu dəyişdirməyə qadir deyilsiniz;
– üzərinzə böyük yük götürürsünüz və sanki həmişə işləyirsiniz;
– sizinlə hər zaman əlaqə saxlamaq olar: bütün mesajlara cavab verirsiniz, daim elektron poçtunuzu yoxlayırsınız, minlərlə vəzifə həll edirsiniz.
Qeyd edək ki, ilk iki problemi həll etmək kifayət qədər çətindir, çünki siz əhatədə olduğunuz şərtləri nəzarət altına götürə bilmirsiniz. Lakin buna baxmayaraq, yükünüzü yüngülləşdirmək üçün aşağıdakı məsləhətlərə diqqət yetirməyiniz tövsiyə olunur.
Struktur dəyişikliklər
Əgər indiki iş sizi yorursa və ya siz bir neçə işdə işləyirsinizsə, bu çox da yaxşı deyil. Çox güman ki, struktur dəyişiklərə ehtiyacınız var:
1) konsentrasiyalı olun və işinizi daha qısa müddətdə yerinə yetirməyə çalışın (növbəti bölümə baxın).
2) iş yükünüzü azaldın. Əgər təkbaşına bunu edə bilmirsinizsə, sizin üçün daha az əhəmiyyətli olan işlərdən imtina etməyin yolunu tapın. Əgər iş yükünüzü idarə edə bilmirsinizsə, rəhbərliyinizə müraciət edərək, iş saatınızın azaldılmasını xahiş edin. Çox güman ki, müdiriniz sizi itirmək istəməyəcək və istəyiniz nəzərə alınacaq.
3) iki və daha artıq işdə işləyirsinizsə, sizə saatda daha çox qazanc gətirəcək əlavə gəlir mənbəyi tapın. Bəli, bunun mümkün olduğuna inanırıq (bir çox insan üçün). Sonradan bu məşğuliyyətə daha çox vaxt ayırmağa başlayın.
4) sərhədlərinizi müəyyənləşdirin. Rəhbərliklə gündə neçə saat işlədiyinizi razılaşdırın. Bir çox insan bu kimi mövzuları müzakirə etməkdən qorxur. Lakin inanın ki, bu tükənmədən daha yaxşıdır.
5) iş yerinizi dəyişin.
Konsentrasiya
İlk başlarda bu məsləhətlər ziddiyətli görünə bilər, lakin biz daha çox işləməkdən deyil, daha səmərəli işləməkdən danışırıq. Belə ki, effektivliyinizi artırıb daha az işləsəniz, resursunuzu bərpa edə biləcəksiniz.
Effektiv işçilər istirahət və resursların bərpasına ayrılmış vaxtın əhəmiyyətini başa düşürlər (ya belə, ya da tükənmə).
Bunun üçün iki əsas addım atılmalıdır:
1) konsentrasiyanı və effektivliyi artırmaq;
2) boş qalan saatlarda istirahət etmək;
Bu necə işləyir? Çox sadə:
– bütün diqqəti ən vacib işlər üzərində cəmləşdirmək. Xatırladaq ki, müəllif Tim Ferriss bu haqda “Dörd saatlıq iş həftəsi” adlı kitabında yazmışdır. Çoxları buna “Pareto prinsipi” də deyir: səylərin 20%-i nəticələrin 80%-ni verir (əlbəttə ki, bu rəqəmlər şərtidir). Siyahınızda ən mürəkkəb 1-3 iş hansıdır? İlk onlardan başlayın.
– bütün diqqəti yalnız bir iş üzərində cəmləşdirmək. Üç ən vacib vəzifəniz olsa belə, diqqətinizi yalnız biri üzərində cəmləşdirin. Digər işlərinizi kənara qoyun (əsas da telefonunuzu).
– bu işə və yerinə yetirməli olduğunuz digər şeylərə vaxt ayırın. Əgər “ən vacib iş” sizin üçün çox əhəmiyyətlidirsə, onun icrasına 3-4 saat vaxt ayırın. Daha bir-iki saatınızı digər işlərə saxlayın, arada qalan boş vaxtınızı isə administrativ məsələlərə xərcləyin.
Qeyd edək ki, çox da əhəmiyyətli olmayan işlər tədricən yığılacaq. Bu, demək olar ki, qaçırılmazdır. Siz hər şeyi çatdıra bilmərsiniz. Sizin kifayət qədər vaxtınız var, ondan səmərəli şəkildə istifadə edin.
Daxili resursların bərpa edilməsi
İstirahət və resursların bərpasına vaxt ayırmaq çoxları üçün qeyri-təbiidir, əsas da bizim cəmiyyətdə. Belə ki, müasir dövrdə günü-gündən daha çox işləmək tələb olunur. Siz hər zaman əlçatan olmalısınız. Hər zaman.
Son dəfə nə vaxt kitab oxumağa və ya açıq havada gəzintiyə 1-2 saat vaxt ayırmısınız? Nə qədər tez-tez özünüzə vaxt ayırırsınız?
Biz buna dəyər vermirik və çox nahaq. İstirahət olmadıqda, effektiv işləmək də mümkün olmur.
1) İstirahətə vaxt ayırın. Mobil cihazlarınızı nə zaman söndürürsünüz? (Xatırlatma: yatmazdan bir saat öncə). Saat neçədə yuxuya gedirsiniz? Bir çox insan az yatır, çünki qadjetlərə bağlıdırlar və bu, onların əhval-ruhiyyəsinə təsir göstərir. İstirahətə ayırdığınız vaxtı təqvimdə qeyd etməyi unutmayın.
2) Bunu bütün işlərinizi qırağa qoyaraq edin. Əgər mesajı oxumaq, elektron poçtu və ya xəbərləri yoxlamaq istəsəniz, bunu etməyin. Çalışın sosial şəbəkələrə gündə bir dəfə vaxt ayırasınız. Əgər işinizdə daha səmərəli və diqqətli olmaq istəyirsinizsə, hər zaman “əlaqədə” olmaqdan imtina etməlisiniz.
3) Bu an böyük hədiyyədir. İlk başlarda işləmədiyiniz üçün özünüzü günahkar hiss edəcəksiniz. Bunun səbəbi ondadır ki, insan şüuru istirahətə ayrılan vaxta dəyər verməməyə alışıb. Çalışın hər anınıza dəyər verməyi öyrənəsiniz.
Yalnız bu halda dəyişiklikləri realizə etmiş olacaqsınız və nəhayət, yorğunluğun öhdəsindən gələ biləcəksiniz.