“Büdcədə neftin qiyməti heç yerdə təsdiq olunmur. Büdcə proqnozları hazırlananda müəyyən fərziyələr əsasında gəlirlər, xərclər hesablanır”.
Bu fikirləri jurnalistlərə 2 iyundakı açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, həmin fərziyələrdən biri şübhəsiz ki, neftin qiymətidir: “Büdcədə neftin qiyməti ilə bağlı iki parametr var. Birincisi Dövlət Neft Fondunun transferləridir ki, büdcə də həmin qurumun transferləri manatla ifadə olunub. Düzdür, hazırda Dövlət Neft Fondunun gəlirləri azalır. Çünki neftin hazırkı qiyməti proqnozlardan aşağıdır”.
Nazir vurğulayıb ki, digər azalma neftin qiymətinin azalması ilə Azərbaycanda fəaliyyət göstərən konsorsiumun (AMOK) ödəyəcəyi mənfəət vergisinin məbləğinin azalması ilə bağlıdır. Bunlar nəzərə alınır:
“Növbəti mənfi, müəyyən mənada müsbət amil OPEC+ sazişidir. Müsbət o baxımdan ki, qiymətlərin normal səviyyədə qərarlaşmasına yaxşı təsir göstərib, çünki bundan əvvəl xam nefti ümumiyyətlə satmaq qeyri mümkün idi.
Bilirsiniz ki, bu sazişə Azərbaycan da qoşulub və üzərinə müəyyən öhdəliklər də götürüb. Əsas öhdəlik neft hasilatının həcminin azaldılmasıdır”.
“Qeyd edim ki, bu ilin dövlət büdcəsi ilə bağlı çağrışlar mövcuddur və biz bunu gizlətmirik. Başa düşürük ki, bizim əvvəlki iqtisadi artım proqnozlarımıza yenidən baxılacaq. Bununla bağlı olaraq həm gəlirlərimizə, həm də xərclərimizə yeni baxışı nümayiş etdirəcəyik.
Büdcəyə yenidən baxılması məsələsində tələskənliyə yol verilməməlidir. Çünki karantin dövründə olan iqtisadi davranış sonrakı dövrlərdə şübhəsiz ki, fərqlənəcək”, – deyə S.Şərifov bildirib.
Belə ki, artıq karantinin yumşaldılması üzrə xeyli silsilə qərarlar qəbul edilib.
Nazir daha sonra əlavə edib: “Nəticə etibarı ilə istehlakın, iqtisadi fəallığın əvvəlki səviyyələrə çatmasa da, artmasını gözləyirik. Bunun nəticəsində də gəlirlərimiz artacaq. Amma bütün mənfi amilləri təhlil edib, onun əsasında təkliflərimizi təqdim edəcəyik”.