24 C
Baku
Friday, October 4, 2024

Kliff Yanq – əngəl tanımayan insan

1983-cü ildə 61 yaşlı avstraliyalı fermer Kliff Yanq supermarafon yarışında qalib olur. Onun qələbəsinə isə əsas səbəb bu insanın heç bir əngəl tanımaması idi.

Avstraliyada hər il beynəlxalq marafon yarışları keçirilir. Sidneydən melburna olan 875 kilometr qaçış məsafəsini idmançılar 5 günə tamamlayırdılar. Bu qədər uzun məsafəni qət etmək üçün yüngül atletika idmançıları uzun müddət və səylə təcrübəli məşqçilər ilə məşq edirlər. Bununla yanaşı, məşhur idman brendləri atletləri xüsusi idman geyimi ilə təmin edirlər. Yarışlarda orta yaş həddi 30 yaşdır.

1983-cü ilin marafonu iştirakçı və tamaşaçılar üçün gözlənilməz start və finişlə yadda qaldı. Yarışların başlanacağı gün qaçış meydançasında Kliff Yanq adlı yaşlı bir kişi peyda olur. İlk olaraq hamı elə düşünür ki, yaşlı kişi startı izləmək üçün oradadır. Lakin 61 yaşlı Kliff yarışçı nömrəsi almaq üçün qeydiyyat masasına yaxınlaşdıqda artıq hamı başa düşdü ki, o da digərləri ilə qaçmaq niyyətindədir.

Kliff nömrə əldə edib digər atletlərlə eyni sırada dayandıqda çəkiliş qrupu ondan kiçik müsahibə almaq qərarına gəlir:

— Salam! Siz kimsiniz və burada nə edirsiniz?

— Mənim adım Kliff Yanqdır. Ailəm Melburn yaxınlığında böyük otlaqda çobanlıq etməklə məşğul olur.

— Siz həqiqətən bu yarışda iştirak etmək niyyətindəsiniz?

— Bəli.

— Bəs sponsorunuz var?

— Xeyr.

— O zaman qalib gələ bilməyəcəksiniz.

— Xeyr, bacaracam. Mən fermada böyümüşəm və son illərə qədər nə at, nə də maşınımız olmayıb. Maşını 4 il bundan əvvəl ala bilmişəm. Tufan başladıqda mən otlaqdan qoyunları yığmağa gedərdim. Bizim 2000 hektarlıq ərazidə otlayan 2000 qoyunumuz var idi. Bəzən bu qoyunları toplamaq üçün 2-3 gün lazım olurdu. Bu heç də asan olmasa da mən bunu bacarırdım. Düşünürəm ki, yarışda qalib gələcəm. Bu mənim qaçdığım gündən cəmi 2 gün çoxdur.

Marafon başladıqda professional idmançılar sürətlə Kliffi geridə qoyurlar. Bəzi tamaşaçıların ona yazığı gəldiyi halda, bəziləri isə yarışa heç düzgün başlamadığı üçün onu lağa qoyur. Televiziya tamaşaçıları onun yarışı sağlam və birinci şəkildə başa vurması üçün dualar edirdi.

Hər bir professional atlet məsafənin qət edilməsi üçün bir gün ərzində 18 saat qaçmaq və 6 saat yatmaq lazım olduğunu bilir. Kliff Yanq isə bunu bilmirdi.

Yarışın səhəri gün hər kəs bu təəccüblü xəbəri eşidir: Kliff bütün gecəni yatmayaraq qaçmağa davam etmiş və Mittagong şəhərinə çatmışdır. Lakin Kliff yatmasa belə irəlidəki atletlərdən geridə idi.

Hər gecə o yarışın liderlərinə bir addım daha yaxınlaşırdı və yarışın son gecəsi Kliff dünyaca məşhur bütün atletləri geridə qoyur. Sonuncu günün səhərisi isə o hər kəsdən çox irəlidə idi. Kliff 61 yaşında yalnızca marafonu qaçmamış, həm də məsafənin qət edilməsi üzrə rekorda sahib olmuşdur.

Kliff Yanq Sidneydən Melburna qədər olan məsafəni 5 gün, 15 saat və 4 dəqiqəyə tamamlayır.

Kliff Yanq ona təqdim edilən mükafatdan imtina etmiş və yarışın sonunda ümumiyyətlə mükafat veriləcəyindən xəbərsiz olduğunu deyir. O 10 min avstraliya dollarını ondan sonra finişə ilk gəlmiş 5 idmançıya verilməsini tələb edir. Kliff bu mükafatdan özünə heç bir şey götürmür və onun bu hərəkəti ilə bütün Avstraliya ona valeh olur.

Kliff Yanq professional idmançıların sahib olduğu heç bir məlumata sahib deyildi. O qalib gəldi, çünki sadəcə qalib gəlmək istəyirdi!

Son xəbərlər
Digər xəbərlər