Beynəlxalq Valyuta Fondu (İMF) dünya ÜDM-sinə dair aprel ayında verdiyi proqnozu bir qədər azaldaraq həmin göstəricinin 2020-ci ildə 4,9 faiz azalacağını, 2021-ci ildə isə 5,4 faiz artacağını açıqlayıb.
Bu barədə təşkilatın “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı iyun ayına dair hesabatında bildirilir.
“COVID-19 pandemiyası 2020-ci ilin birinci yarısındakı iqtisadi fəaliyyətlərə gözlənildiyindən daha mənfi təsir göstərib. Odur ki, bərpa prosesinin də əvvəlki proqnoza nisbətən daha ləng olacağı güman edilir”, – deyə qeyd olunan sənədə İMF dünya ÜDM-sinə dair 2020-ci ildəki proqnozunu 1,9 faiz bəndi, gələn ildəkini isə 0,4 faiz bəndi aşağı salıb.
2020-ci ilin birinci rübündə dünyada 300 milyondan artıq iş yerinin bağlandığını qeyd edən sənəd müəlliflərinə görə, 2019-cu ilin sonundan aprel ayınadək inkişaf etmiş ölkələrdəki inflasiya səviyyəsi 1,3 faiz bəndi azalaraq illik olaraq 0,4 faizə, bazar iqtisadiyyatının yeni yarandığı ölkələrdə isə 1,2 faiz bəndi azalaraq 4,2 faizə enib.
Proqnoza görə inkişaf etmiş ölkələrdə 2020-ci ildə ÜDM 8 faiz azalacaq. O cümlədən ABŞ-da bu azalma 8 faiz, Yaponiyada 5,8 faiz, Böyük Britaniyada 10,2 faiz, Fransada 12,5 faiz, İtaliya və İspaniyada 12,8 faiz gözlənilir. 2021-ci ildə isə inkişaf etmiş ölkələrdə iqtisadi artım 4,8 faiz təşkil etməlidir. Yeni bazar iqtisadiyyatına malik ölkələrdə isə ÜDM bu il 3 faiz azalacaq, gələn il isə 5,9 faiz artacaq.
Hesabatda həmçinin kasıb ölkələrdəki səhiyyə sahəsini inkişaf etdirmək, borc yüklərini yüngülləşdirmək üçün yardım göstərməyə çağırış da yer alıb. Yeni koronavirus üçün hazırlanan peyvənd dərmanının bütün ölkələr üçün asan əldə edilməsinin də vacibliyi vurğulanır.