“Facebook”un bazar dəyəri böyük reklamverənlərin şirkətə boykot elan etməsindən sonra 60 milyard dollar azalıb. Xatırladaq ki, bir neçə iri şirkət Mark Çukerberqin irqçilik, nifrət və saxta məlumatlar ilə mübarizə sahəsində yetərsiz səylərindən qəzəblənərək, İT nəhənginə məxsus platformalarda reklam yerləşdirməkdən imtina edib.
Üç gün bundan əvvəl “Facebook” səhmlərinin qiyməti 8,3%, iyunun 29-u keçirilən hərraclarda isə daha 1% azalıb. Qeyd edək ki, şirkətdən “üz döndərənlər” sırasında “PepsiCo”, “Coca-Cola”, “Starbucks”, “Unilever” və “Verizon” kimi nəhəngləri misal göstərmək olar.
Dünyanın ən iri şirkətləri belə “Facebook”da reklam yerləşdirməkdən imtina edib. İyun ayının ortalarında onlar “Gəlir naminə yayımlanan nifrətə son qoyaq” kampaniyasını başlatdılar və reklamverənləri “Facebook”dan imtina etməyə çağırdılar. Hüquq müdafiəçilərinin fikrincə, şirkət rəhbərliyi irqçilik, saxla məlumatlar və nifrət ilə mübarizə sahəsində yetərli olacaq qədər tədbir görmür və bu, “Facebook”u təhlükəli platformaya çevrir.
Reklam şirkətlərinin rəhbərləri sosial şəbəkəni yanlış məlumatların yayılmasına, habelə irqçilik və nifrət kimi problemlərə qarşı mübarizəni gücləndirməyə və təhlükəsizliyə qoyulan sərmayəni artırmağa çağırdılar.
Buna cavab olaraq “Facebook” reklam siyasətini dəyişdirdi. Şirkət oxucuları məlumatlandırmaq üçün siyasi və sosial xarakterli reklamları bayraqla işarə edəcəyini bildirdi. Bundan əlavə, sosial şəbəkənin qurucusu Mark Çukerberq siyasətçilərin sərt açıqlamalarının “əhəmiyyətli xəbərlər” kimi etiketlənəcəyini vəd etdi.
İyunun əvvəlində “Facebook” işçiləri “virtual etiraz aksiyası”na başlayaraq işləməkdən imtina etdilər. Onların fikrincə, Çukerberq ABŞ prezidenti Donald Trampın paylaşımları ilə “heç nə etməməyə” üstünlük verib. Çukerberqin özü bunu onunla izah edir ki, prezidentin paylaşımlarında hökumətin niyyətini ifadə edən çox önəmli informasiya olub.
“BMO Capital Markets” analitiklərin sözlərinə görə, hal-hazırda bu boykot 8 milyondan çox reklamverəni olan “Facebook”un gəlirlərinə əhəmiyyətli təsir göstərə bilməz. Sözsüz, buna baxmayaraq, bütün bunlar şirkətin imicinə xələl gətirir.
“Raymond James Financial” mütəxəssislərinin fikrincə, boykot uzun sürməyəcək, “MKM Partners” isə sosial şəbəkənin maliyyə itkilərini minimal hesab edir. “JP Morgan” xatırladaq ki, istifadəçi hətta məlumatların “Cambridge Analytyca” ya ötürülməsi ilə bağlı qalmaqaldan sonra reklamverənlər “Facebook”a qayıtdılar.