-1 C
Baku
Saturday, December 14, 2024

Yaxın Şərq yeni karantinə yaxınlaşır. İsrail və İran eyni problemlə üzləşiblər

İsrail koronavirusla mübarizəni gücləndirir. Ölkə rəhbərliyi yeni karantinin tətbiq edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edir, baxmayaraq ki, son vaxtlara qədər İsrailin Covid-19-a qarşı mübarizə təcrübəsi ən uğurlu hesab olunurdu. Qeyd edək ki, yoluxma hallarının artması Yaxın Şərqin digər ölkələrində, o cümlədən İranda da müşahidə edilib.

“Əgər indi heç bir tədbir görməsək, önümüzdəki həftələrdə yüzlərlə, hətta minlərlə ağır xəstəni əldə etmiş ola bilərik”, – deyə bazar ertəsi günü İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. Ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat isə öz növbəsində, İsrailin yenidən karantinə qaytması üçün bir addım qaldığını vurğulayıb. 

Xatırladaq ki, bazar ertəsi günü İsrail hökuməti idman və mərasim zallarını, barları və klubları “dərhal bağlamaq” qərarını verdi. İndiyə qədər İsrail koronavirusla mübarizənin ən uğurlu nümunələrindən biri hesab olunurdu – ilk növbədə ölüm hallarının az olması sayəsində. May ayının ortalarında karantin tətbiqləri yumşaldıldı və məktəblərdə tədris bərpa edildi. Həmin aralıqda ölkədə 16,6 min koronavirus xəstəsi qeydə alınmışdır. Mayın 27-də Səhiyyə Nazirliyinin göstərişləri sırasında yalnız sosial məsafəni saxlamaq və evdən çıxanda qoruyucu tibbi maskanı taxmaq qaldı. Cəmi bir neçə gündən sonra göstəricilər yenidən artmağa başlayıb. 

Nəticədə, iyulun 4-də yeni anti-rekord qeydə alındı – bir gündə 1,1 mindən çox yoluxma. Çərşənbə axşamı səhər saatlarında İsraildə yoluxmuş insanların sayı 31 mini keçdi (gündə 1 mindən çox artım), onlardan 338 nəfər dünyasını dəyişdi. Newsru.co.il saytının məlumatına görə, hazırda yoluxmuş insanların sayı yaz dövrü ilə müqayisədə xeyli çox olsa da, süni ventelyasiya aparatına qoşulanlar aprel ayının ortaları ilə müqayisədə qat-qat azdır. 

İsraillilər də etiraf edirlər ki, karantin tədbirləri yumşaldılandan dərhal sonra ölkədə sosial fəaliyyət artmağa başlayıb. Qeyd edək ki, yeni yoluxma halları ilk növbədə məktəblərdə baş tutub. Nəticədə, məktəblərin çoxu bağlanaraq, fəaliyyətini oflayn rejimdə davam etdirdi. 

Tədbirlərin effektivliyi ilə bağlı mübahisələr siyasətçilər tərəfindən də aparılır. Belə ki, müxalifət liderlərindən biri və “Yesh Atid” partiyasının nümayəndəsi Knesset, böhranın idarə edilməsi sahəsində heç bir sistemin mövcud olmadığını qeyd edir. Xatırladaq ki, daha əvvəl hökumətin koronavirusla mübarizədə fəaliyyətini izləmək üçün yaradılan parlament komissiyasının rəhbəri cənab Şelah olmuşdur. Onun fikrincə, pandemiya başlayanda Baş Qərargahla müqayisə olana bilən və özündə bütün relevant strukturların nümayəndələrini birləşdirən “operativ struktur yaradılmalı idi”. Lakin bu baş tutmayıb. “Netanyahu koronavirusla mübarizə tədbirlərini Səhiyyə Nazirliyinin baş direktorunun iştirakı ilə idarə edib. İndiyədək heç bir struktur yaradılmayıb, nizam-intizam hələdə yoxdur”, – deyə Ofer Şelah söyləyir. 

İctimai səhiyyə xidmətinin rəhbəri Siqal Sadeçkinin könüllü istefası, idarəetmə sistemində böhranlı vəziyyətin yarandığını bir daha sübut edir. Çərşənbə axşamı o, öz “Facebook” səhifəsində Səhiyyə Nazirliyinin baş direktoru Hezi Leviyə ünvanlanan belə bir məktub yazdı: “Birinci dalğanın qarşısının alınması hər şeydən əvvəl insanların həyatına dəyər verən peşəkar rəhbərliyin olması ilə səciyyələnir. Fikrimcə, zaman keçdikcə hadisələrə fəal reaksiya verən mütəxəssislərdən məsuliyyətli, lakin səlahiyyətlərindən məhrum olan və nəzərə çarpan gecikmə ilə reaksiya verən şəxslərə çevrildik”. 

Qeyd edək ki, koronavirus infeksiyasının artması Yaxın Şərqin digər ölkələrində, o cümlədən İranda da müşahidə olunur. İyulun 5-dən etibarən respublika hakimiyyəti əlverişsiz ərazilərdə, ictimai yerlərdə  və qapalı məkanlarda əhalini qoruyucu maska taxmağı məcbur edir. Bildiyimiz kimi, İran karantin rejimini aprelin ortalarında yumşaltmağa başlamışdır, iyunun 6-da isə məhdudiyyətlər tamamilə aradan qaldırıldı. Nəticədə, iyunun 14-də İranda bir gündə üzdən çox ölüm qeydə alınmışdır. Pandemiya başlayandan ölkədə 245,6 min nəfər yoluxub, onlardan 11,9 nəfər dünyasını dəyişib. 

Bu bölgədəki yoluxanların sayına görə ikinci yerdə Səudiyyə Ərəbistanıdır. Ötən həftənin sonunda krallıq bu göstəriciyə görə hətta Türkiyəni geridə qoydu – hər gün 4 min insan yoluxur. Yoluxanların ümumi sayı 213,7 mindən çoxdur, onlardan 2 mini dünyasını dəyişib. “The Wall Street Journal” nəşrinin qeyd etdiyi kimi, yoluxanların sayına görə ilk beşliyə həmçinin Qətər, Misir və İraq daxildir. 

“Fars Körfəzi monarxiyalarının göstəriciləri sabit şəkildə yüksək olaraq qalır. Əvvəllər bunu xaricdən gəlmə işçilərlə izah etmək olurdu, indi isə Omanda yerli yoluxma hallarının sayı 1500 nəfərdən çoxdur. Lakin digər ölkələrin nümunəsinə uyğun olaraq məhdudiyyətlər tətbiq etmək əvəzinə, Oman mülayim yanaşmaya üstünlük verir”, – deyə Rusiyanın beynəlxalq məsələlər üzrə mütəxəssisi Polina Vasilenko söyləyir. 

O, həmçinin qeyd edib ki, İran və İraqdakı vəziyyət hələki sabitdir. “Hər iki ölkə lokal karantin strategiyasına əməl etsələr də, Yaxın Şərqdəki digər ölkələrlə müqayisədə ölüm səviyyəsinin yüksək olmasının əsas səbəbi resursların tükənməsi, habelə hökumətlərin vətəndaşları ictimai yerlərdə sosial məsafə saxlamağa və maska taxmağa məcbur edə bilməməsidir”, – Vasilenko vurğulayır. Mütəxəssis həmçinin diaqnostik imkanları az, ölüm səviyyəsi (təxminən 26%) isə çox olduğu Yəmənə də toxundu. “Əhalinin immuniteti o qədər zəifdir ki, koronavirusa yoluxanlar onunla mübarizə apara bilmirlər”, – Polina Vasilenko bildirir. 

 

Son xəbərlər
Digər xəbərlər