Sosial şəbəkələr bizləri xoşbəxtlikdən məhrum edir və hər şeyə şübhə ilə yanaşan bir insana çevirir. Bu nəticəyə iki italyan alim – Fabio Sabatini və Françesko Sarraçino gəlmişlər. Onlar sosial şəbəkələrin insana təsirini detallı şəkildə təhlil etmişlər.
Alimlərin təhlili 2010-2011-ci illərdə İtaliyanın milli institutunun 50 mindən çox sosial şəbəkə istifadəçisi ilə apardığı sorğulara əsaslanmışdır. Bu zaman istifadəçilərdən öz şəxsi həyatlarından razı olub-olmadıqları soruşulmuşdu. Qiymətləndirmə üçün isə 0-10 ballıq cədvəldən istifadə edilmişdi. Bununla yanaşı, sorğu iştirakçıları öz şəxsi həyatları ilə bağlı digər sualları da cavablandırmışlar. Suallar əsasən dostlarla görüş və sosial şəbəkələrdən istifadəyə aid idi.
Fabio Sabatini və Françesko Sarraçino belə bir nəticəyə gəlmişlər ki, canlı ünsiyyət insanlarda virtual ünsiyyətdən daha çox xoşbəxtlik qazandırır. Bundan əlavə, söhbət sosial şəbəkələrdə ünsiyyətdən gedirsə insanlar daha etibarsız davranırlar. Alimlərin fikrincə sosial şəbəkələr insanlarda yalnızca paxıllıq və öz həyatından narazılıq hissi yaradır.