2 C
Baku
Saturday, December 14, 2024

Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi”

“ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”.

Bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Gənclər və İdman nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür, çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir:

“Virusun gələcəkdə mutasiyaya uğraması, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz, görərsiniz ki, ölkədə bu rəqəm iki faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.

Jurnalistlərin suallarını cavablandıran sədr lazım gələrsə, modul tipli xəstəxanaların tibbi personalla təmin oluna biləcəyini də deyib:

“Xaricdən dəvət etdiyimiz mütəxəssislərin burada olmasının bir səbəbi də təlimlərin tez keçirilməsidir. Əslində tibbi heyətimiz yetərlidir, sadəcə reanimasiya vəziyyətində yardım göstərmək üçün müəyyən təcrübəyə ehtiyac var. Bir müddət əvvəl istifadəyə verilmiş “Yeni Klinika” tibbi mərkəzi 575 yataqdan ibarətdir. İstifadə edilən modul tipli beş xəstəxananın hərəsində 200 yer var. Bunlar ümumilikdə 1500 çarpayı edir. Bu xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi. Biz TƏBİB-in tabeliyində olan digər xəstəxanalardakı tibbi heyətə təlim keçərək ora yönəltmişik. Proses bu şəkildə də davam edəcək”.

Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək. Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280-ə yaxın xəstəxana palataları və 10 çarpayılıq reanimasiya zalı quraşdılıb.

“15 günə ən müasir avadanlıqla ranimasiya bloku yarada bildik. Təcrübəmiz var, çox istərdik ki, bu kompleks yenidən idman üçün əsas fəaliyyətinə qayıtsın. Amma mən də razıyam ki, ola bilsin payızda pandemiya ilə bağlı çoxalma olsun. Buna görə də bizdə ehtiyat olmalıdır”, – deyə A.Rəhimov bildirib.

Xatırladaq ki, hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sistemləri çəkilib. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.

Son xəbərlər
Digər xəbərlər