6 C
Baku
Sunday, December 15, 2024

Metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə ediləcək

Baş Nazirin müavini Şahin Mustafayev metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsi layihəsi ilə tanış olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, nazirlik və “Bakı Metropoliteni” QSC metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış mühüm bir layihənin icrasına başlayıb.

Texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım “Nizami” metro stansiyasının yerləşdiyi ərazidə atılıb.

Ş.Mustafayev, eləcə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsini nəzərdə tutan layihənin icrası ilə tanış olublar. Qeyd edək ki, layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi “Nizami-Elmlər Akademiyası” mənzilində müvafiq işlər icra edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ixtisaslaşmış laboratoriyası suyun tərkibini tədqiq edərək müsbət rəy verdikdən sonra mühəndis-texniki qurğulardan suyun nəql edilməsini təmin edən xətt çəkilib. Artıq qrunt sularından paytaxtda yaşıllıqların suvarılması məqsədilə istifadə olunur.

Metropolitendə qrunt sularının debitinin kifayət qədər olduğu daha bir neçə sahədə araşdırmalar yekunlaşmaq üzrədir və həmin ərazilərdə də bu cür tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, aprel ayının 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video müşavirədə Prezident İlham Əliyev ölkə ərazisində su ehtiyatlarının yaradılmasını, sudan səmərəli istifadə olunmasının aktuallığını xüsusi qeyd edərək, müvafiq komissiyanın yaradılması barədə qərarını açıqlamışdı.
Komissiya bir neçə istiqamətdə layihələrin icrasına başlayıb.

Son xəbərlər
Digər xəbərlər