“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Maskın sərvəti cari ilin əvvəlindən kəskin artaraq 100 mlrd. ABŞ dollarını ötüb.
“Bloomberg”in verdiyi məlumata görə, avqustun 27-nə Maskın sərvəti 101 mlrd. dollar səviyyəsində qiymətləndirilir. 2020-ci ilin əvvəlində isə bu rəqəm 27,4 mlrd. dollara bərabər idi. Göründüyü kimi, ilin əvvəlindən İlon Maskın sərvəti 73,6 mlrd. dollar və ya 3,7 dəfə artıb.
Milyarderin sərvətinin kəskin artımı “Tesla”nın səhmlərinin bahalaşması ilə əlaqədardır. Ötən gün “Tesla”nın bir səhminin dəyəri 6,42% artaraq 2 153,7 dollara bərabər olub. Avqustun 20-də şirkətin səhmləri ilk dəfə olaraq 2 min dolları ötüb. İlin əvvəlində bir səhmin dəyəri 430,26 dollar idi. Beləliklə, 2020-ci ilin əvvəlindən şirkətin kapitallaşması 4,7 dəfə artıb.
Bununla belə, Mask dünyanın ən zəngin insanları siyahısının dördüncü yerindədir. Reytinqin ilk pilləsinin “Amazon”un təsisçisi Ceff Bezos (202 mlrd. dollar), ikinci yerdə “Microsoft”un təsisçisi Bill Qeyts (124 mlrd. dollar), üçüncü yerdə isə “Facebook”un təsisçisi Mar Zukerberq (115 mlrd. dollar) qərarlaşıb.