Dünyanın ən böyük peşəkar sosial şəbəkəsi olan LinkedIn hər il ən çox tələb olunan bacarıqların siyahısını tərtib edir: 2020-ci ildə bu siyahıya yaradıcı düşüncə, uyğunlaşma, inandırmaq və əməkdaşlıq etmək qabiliyyəti, o cümlədən emosional zəka (EI) daxil edildi. Başqa bir tədqiqatın nəticələrinə görə, məhsuldarlığın və işdəki müvəffəqiyyətin 58%-i emosional zəkadan asılıdır. Bundan əlavə, yüksək EI-yə sahib olan insanlar ildə orta hesabla 29 min dollar daha çox qazanırlar. Emosional zəkanın necə və niyə ən çox axtarılan peşəkar bacarıqlardan birinə çevrildiyinə baxaq.
Emosional zəka nədir?
Emosional zəka haqqında ilk dəfə 1930-cu illərin sonlarında, tədqiqatçıların intellektual qabiliyyət və erudisiya ilə əlaqəli olmayan ağılı adlandırmağa çalışdıqları zaman bəhs olunub, bununla da “sosial ağıl” anlayışı yaranıb.
Bir qədər sonra, 1995-ci ildə, orta IQ səviyyəsinə sahib olan insanların daha məhsuldar olduğu məlum oldu. Belə bir anormallıq “yüksək IQ peşəkar uğurun əsas və demək olar ki, yeganə açarıdır” yanaşmasına kölgə salır. Tədqiqatlar göstərir ki, görkəmli peşəkarlar digər insanlardan məhz emosional zəka ilə fərqlənirlər.
1990-cı illərin əvvəllərində emosional zəkanın ilk tərifi tədqiqatçılar P. Salovey və C. Mayer tərəfindən verilmişdir. Onlara görə emosional zəka, özünün və başqalarının duyğularını dəqiq qiymətləndirmək, ifadə etmək, istifadə etmək və tənzimləmək kimi bacarıqların məcmusudur. Bir neçə onillikdən sonra bu tərif Harvard psixoloqu, elmi jurnalist və “Emosional zəka” kitabının müəllifi Daniel Goleman tərəfindən tamamlandı. Niyə o, IQ-dan daha çox əhəmiyyət kəsb edir?
- Özünüdərketmə və ya duyğularınızı eşitmək qabiliyyəti;
- Özünüidarəetmə və ya impulsları nəzarət altında saxlamaq qabiliyyəti;
- Sosial şüur və ya digər insanların duyğularını oxumaq və başa düşmək qabiliyyəti;
- Münasibətlərin idarə olunması və ya başqalarını motivasiya etmək, komandada işləmək bacarığı;
Bu sahələrin hər biri bir və ya daha çox bacarıqdan ibarətdir, onların ümumi sayı isə 12-dir: emosional özünüdərk, emosional özünüidarəetmə, uyğunlaşmaq, nəticəyə fokuslanmaq, empatiya, qrup anlayışı, təsir, mentorluq, münaqişələrin tənzimlənməsi, liderlik və komanda işi.
Emosional zəka kimə lazımdır?
Ümumiyyətlə, hər kəs özündə bu keyfiyyətləri və bacarıqları inkişaf etdirməlidir, lakin buna baxmayaraq, emosional zəka olmadan mövcud ola bilməyən peşələr var. Onlar sırasında birinci yerdə səhiyyə dayanır: araşdırmaların nəticələrinə əsasən, tibb işçilərinin EI-si xəstələrin sağlamlığına birbaşa təsir göstərir. Filadelfiyadakı Cefferson Tibb Kollecinin alimləri, 29 fərqli həkim tərəfindən müalicə olunan 890 diabet xəstəni müşahidə etdikdən sonra bu nəticəyə gəldilər. Tibb işçilərindən başqa, bu siyahıya sosial işçilər, memarlar, insan resursları menecerləri, marketoloqlar və satış menecerləri də daxildir.
Emosional zəka yüksək texnologiyalar sənayesində də əsas rol oynayır. Belə ki, avtomatlaşdırma mümkün olduğu sahələrdə insanları süni intellekt əvəz edir: məlumat toplamaq və analiz etmək, təkrarlanan tapşırıqları yerinə yetirmək və s. Lakin əldə olunan inkişafa baxmayaraq, insan münasibətlərini əvəzləyəcək bir alət hələdə kəşf edilməyib. Bu tip tapşırıqları ən yaxşı şəkildə emosional zəkası yüksək olan insanlar etməyi bacarırlar: heç bir kompüter həqiqi duyğuları əvəz edə bilmir.
Beləliklə, emosional zəka insanla maşın arasında əlaqə yaratmağa və istənilən auditoriya ilə əlaqə nöqtələrini tapmağa kömək edir. Buna görə, o, istifadəçilərlə müntəzəm əlaqə quran peşə nümayəndələri üçün xüsusilə vacibdir və faydalıdır: məhsul menecerləri, veb-dizaynerlər, interfeys dizaynerləri, marketoloqlar.
Rəqəmsal peşələrdə emosional zəkaya nə üçün ehtiyac var?
- Fərqli insanlarla qarşılıqlı əlaqə qurmaq.
- Komandada uğurla işləmək.
- Özünü başqasının yerinə qoymağı bacarmaq.
- Arqumentləşdirməyi bacarmaq və mövqeyini müdafiə etmək.
Emosional zəkanı necə inkişaf etdirmək olar?
Hər bir insan, yaşından və peşəsindən asılı olmayaraq, daim inkişaf etməyə çalışmalıdır. Məsələn, rəqəmsallaşdırma çox dinamik bir mühitdir və orada işləmək üçün çevik olmaq lazımdır. Eyni zamanda peşəkar ədəbiyyat oxumaq və yeni biliklər (məsələn, təqdimat hazırlamaq, auditoriya ilə işləmək) əldə etmək vacibdir. İctimai müzakirələrdə, dəyirmi masalarda, sərgilərdə iştirak etmək, qarşıya çətin, lakin real məqsədlər qoymaq və onlara nail olmaq da vacibdir. Beləliklə, davamlı hərəkəti davam etdirə biləcəksiniz.