10 C
Baku
Thursday, December 12, 2024

Mikayıl Cabbarov: Əminəm ki, cənab Prezidentin xaricdə yaşayan iş adamlarına etdiyi çağırışın effekti daha çox olacaq

Bu gün Prezident İlham Əliyev göstərişində Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 500 hektardan çox olan ərazinin cəmi 65 hektarı sərbəstdir: “Həmin o ərazilərə də maraq böyükdür. Bu gün bir daha cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq”.

Qeyd edək ki, açlışı olan “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.

Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

MənbəTrend.az
Son xəbərlər
Digər xəbərlər