Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədilə Müvəkkilə müraciətlər üçün vahid qaynar xəttin yaradılması tövsiyə olunub.
Ombudsman Aparatından bildirilib ki, bu tövsiyəni nəzərə alaraq, Ombudsmanın mövcud iki qaynar xətti bir mərkəzdə birləşdirilməklə və müasir informasiya texnologiyalarından istifadə edilməklə 916 nömrəli vahid Çağrı Mərkəzi yaradılıb.
Çağrı Mərkəzinə müraciət üçün şəhər nömrələrindən 916, respublikanın regionlarından və mobil nömrələrdən isə 012-916 yığmaqla zəng etmək olar. Danışıqlar qeydə alınır və məlumat bazasına daxil edilməklə elektronlaşdırılır ki, bu da əvvəlki dövrdən fərqli olaraq, telefonla müraciət olunduqdan sonra yazılı müraciət istənilməsinə ehtiyac yaratmır.
Çağrı Mərkəzi yaradılarkən bu sahədə mövcud beynəlxalq və yerli müsbət təcrübələr öyrənilib, əməkdaşlara müvafiq təlimlər keçirilib, UNICEF-in Azərbaycan Ofisi və Baş Prokurorluqla əməkdaşlıq edilib.
Ombudsman tərəfindən tətbiq olunan bu yenilik insanların müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədinə xidmət edir.