Sentyabrın 17-18-də Asiya İnkişaf Bankının (ADB) onlayn formatda 53-cü illik toplantısı keçirilib.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.
İclas çərçivəsində Gürcüstanın Maliyyə naziri İvane Maçavariani bir il müddətinə ADB-nin İdarə Heyətinin sədri seçilib. 2021-ci ildə bankın illik toplantısına Gürcüstan ev sahibliyi edəcək.
Nazir toplantıda çıxışı zamanı Gürcüstanın regional əməkdaşlıq və inteqrasiyaya böyük önəm verdiyini bildirib.
O, Gürcüstanın azad ticarət siyasətini fəal dəstəklədiyini qeyd edib: “Banka üzv və sərhədyanı ölkələrlə nəqliyyat infrastrukturu, ticarət və gömrük əlaqələrini inkişaf etdirmək çox vacibdir. Biz gələcəyimizi daha çox inteqrasiya, daha çox açıqlıq və daha az maneələr prinsipləri əsasında qurmalıyıq”.
İ.Maçavariani qeyd edib ki, ADB iqtisadiyyatın bərpasında insan kapitalı rolunun gücləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.