“Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarına baxaq.
Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır.
Misal-1: “A” MMC ayaqqabı istehsalı ilə məşğuldu. MMC-nin baş ofisi Sabirabaddadır yəni MMC-nin qeydiyyatı 5 saylı Ərazi Vergilər İdarəsindədir. `Ayaqqabların tikilməsi Bakı şəhəri Binəqədi rayonundadır. Belə halda Bakıda istehsalat aparıldığına görə, əlavə Bakıda da uçota alınmalıdır.
Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisi olduğu yer üzrə növbəti ayın 10-dək yenidən uçota alınır və bu barədə məlumatlar təsərrüfat subyekti (obyekti) uçotdan çıxarıldığı rübdən sonrakı ayın 20-dək dövlət büdcəsi gəlirlərinin icrasının təhlili məqsədilə Maliyyə Nazirliyinə məlumat təqdim edilir.
Misal-2: “A” MMC Bakıda yerləşən ayaqqabı sexi 01 sentyabr 2020-ci il tarixdə fəaliyyətini dayandırır. Bu halda 5 saylı Ərazi Vergilər İdarəsinə oktyabrın 10-na kimi “A” MMC yenidən uçota alınır. Noyabrın 20-nə kimi dövlət büdcəsi gəlirlərinin icrasının təhlili məqsədilə Maliyyə Nazirliyinə məlumat təqdim etməlidir.
Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.
Misal – 3: “A” MMC-nin Sumqayıtda, Gəncədə, Yevlaxda, Qubada ayaqqabı sexləri var.
İqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer;
Sumqayıtda yerləşən sexi digər şəhər və rayonlardakı sexdən daha çox daha çox gəlir gətirir. “A” MMC-nin rəhbərliyi müraciət edərək və ya vergi orqanın təşəbbüsü ilə “A” MMC 5 saylı Ərazi Vergilər İdarəsindən əlavə, 2 saylı Ərazi Vergi İdarəsində uçota alınır.
Qərardan çıxarış
Vergi ödəyicisinin müraciəti əsasında vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması aşağıdakı qaydada həyata keçirilir:
1.1. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır; [3]
1.2.2. Müraciətə baxılmanın nəticəsində vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi müəyyən olunduğu təqdirdə vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi üzrə yenidən uçota alınmasından aşağıdakı hallarda imtina edilir:
2.1. vergi orqanının uçot məlumatlarına əsasən vergi ödəyicisinin bir təsərrüfat subyektinin (obyektinin) olduğu və ya vergi ödəyicisinin təsərrüfat subyektlərinin (obyektlərinin) yalnız bir vergi orqanının ərazi dairəsində olduğu müəyyən edildikdə;
2.2. vergi ödəyicisinin ərizəsində iqtisadi maraqlar mərkəzi düzgün göstərilmədikdə;
2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ərizənin qəbulundan imtina üçün əsaslar olduqda.
- Vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması hər il iki və daha çox təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri (xərclər çıxılmadan) müəyyən edilməklə bu Qayda ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri aşağıdakı məlumatlar əsasında müəyyən edilir:
4.1. səyyar və kameral vergi yoxlamasının nəticələri əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində (obyektlərdə) müəyyən edilmiş gəlir məbləği (xərclər çıxılmadan);
4.2. xronometraj metodu ilə müşahidənin nəticələri əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində (obyektlərdə) müəyyən edilmiş gəlir məbləği (xərclər çıxılmadan);
4.3. vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalarda olan məlumatlar; [4]
4.4. vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələrində olan məlumatlar;
4.5. vergi ödəyicisinin maliyyə hesabatlarında olan məlumatlar;
4.6. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
- Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzi kimi qəbul edilmiş təsərrüfat subyekti (obyekti) vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisinin uçotda olan digər təsərrüfat subyektləri (obyektləri) üzrə illik gəlirləri müəyyən edilərək yenidən uçota alınır.
Vergi orqanın rəyi
Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.
İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır.
Əsas: Vergi Məcəlləsinin 34.3-1-ci maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması” Qaydası.
İqtisadçı-ekspert Rauf Qarayev.