Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu “i24 NEWS” kanalına müsahibə verib.
Müsahibədə Hikmət Hacıyev son günlər Azərbaycan-Ermənistan arasında davam edən hərbi toqquşmalar barədə detallara aydınlıq gətirib.
“Azərbaycan 30 ildir ki erməni işğalından əziyyət çəkir. Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edib. Bizim 1 milyon məcburi köçkün və qaçqınımız var. Sentyabrın 27-si Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı növbəti təxribatına başlayıb. Cəbhə xətti boyu sıx yaşayan Azərbaycanın mülki əhalisini məqsədyönlü şəkildə hədəf alır. Bu səbəbdən Azərbaycan sülhə məcburedici əməliyyatlar aparmağa məcburdur və burada Azərbaycanın məqsədi Ermənistanın münaqişənin sülh yolu ilə həllində konstruktiv iştirakına nail olmaq və eyni zamanda Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini qorumaqdır.
Üç gün ərzində 1 ailənin 5 üzvü və ikisi azyaşlı olmaqla 12 mülki şəxs Ermənistan təxribatı nəticəsində həlak olub, 30-dan çox mülki şəxs ağır yaralanıb. Bu səbəbdən Azərbaycanın ən vacib məqsədi cəbhə xətti boyunca sıx yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və əlahiddə məqsədi isə ölkənin ərazi bütövlüyünü qorumaq və Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının çıxarılmasını təmin etməkdir”.
Mövcud vəziyyətdə Türkiyənin münaqişədə iştirakına dair iddiaları cavablandırarkən Hikmət Hacıyev qeyd edib:
“Türkiyə və Azərbaycan sıx strateji əlaqələrə və qardaşlıq münasibətlərinə sahibdir. Müdafiə sahəsində Azərbaycanla Türkiyə arasında geniş əməkdaşlıq mövcuddur və iki ölkənin silahlı qüvvələri ortaq əməliyyat və döyüş bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi birgə hərbi təlimlər keçirir. Bununla yanaşı Azərbaycan müdafiə sahəsində, həmçinin İsrail ilə də geniş əməkdaşlığa, xüsusilə hərbi təchizat sahəsində əməkdaşlığa sahibdir.
Münaqişəyə gəldikdə isə, heç bir 3-cü ölkə iştirak etmir, bu, yalnız Ermənistanın öz təbliğatıdır. Onlar diqqəti yayındırmaq, olduqları vəziyyəti böyütmək üçün bunu edirlər. Münaqişə iki tərəf arasında gedir: Azərbaycan və Ermənistan.
Ermənistan işğalçı qüvvədir, Azərbaycan isə özünü müdafiə hüququndan istifadə edir və Silahlı Qüvvələrini öz suveren ərazilərində idarə edir.
Bu gün biz başqa bir dezinformasiyanın şahidi olduq. Guya Ermənistana məxsus “Su-25” döyüş təyyarəsi Türkiyəyə məxsus “F-16” tərəfindən vurulub. Biz hərbi radar sistemləri daxil olmaqla bütün radar sistemlərimizi yoxladıq. Heç Ermənistan ərazisindən “Su-25” təyyarəsinin havaya qalxdığına dair fakta rast gəlmədik. Bəs öldürülən pilot hardadır? Bu, Ermənistan hökumət orqanları tərəfindən aparılan gülməli dezinformasiya kampaniyasıdır. Belə dezinformasiya kampaniyaları aparmaqdansa, Ermənistan üçün işğalı dayandırmaq daha yaxşı olar”.
Münaqişədə İsrailin tərəf tutmasına dair suala gəldikdə isə H. Hacıyev bildirib:
“Xeyr, İsrail tərəf tutmalı deyil. Ancaq mən Azərbaycan-İsrail əməkdaşlığı haqqında danışmaq istərdim. Azərbaycan-İsrail əməkdaşlığı strateji partnyorluqla yanaşı ənənəvi və tarixi dostluq əlaqələrinə əsaslanır. Biz Azərbaycandakı yəhudi icmamızla qürur duyuruq, hansı ki, ölkəmizin inkişafında böyük töhfəyə sahibdirlər.
Azərbaycanın milli qəhramanlarından biri azərbaycanlı yəhudi Alber Aqorunovdur və biz onunla qüruq duyuruq. O, Azərbaycan şəhəri Şuşa ermənilər tərəfindən işğal olunanda şəhəri müdafiə edirdi. Bu səbəbdən Azərbaycan-İsrail münasibətləri xüsusi əhəmiyyət daşıyır. Və sirr deyil ki, bizim hərbi sahədə də əməkdaşlığımız var. Azərbaycanın İsraildən aldığı hərbi dronlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən münaqişə zonasında düşmənin hərbi hədəflərinə qarşı effektiv şəkildə istifadə olunur. Bu silahlar düşməni yüksək dəqiqliklə hədəf almaqda çox effektivdir. Biz hədəfləri seçərkən çox diqqətli davranırıq. Təəssüf ki, eynisini mülki əhalini hədəf alan Ermənistan haqqında demək mümkün deyil. Onlar, həmçinin Azərbaycan-İsrail hərbi əməkdaşlığını da şişirdirlər. Bu, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqdır. Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması üçün İsraildən hərbi avadanlıq alır, çünki biz işğaldan əziyyət çəkirik. Ermənistan üçün hər zaman ən yaxşısı odur ki, işğalı dayandırsın. Biz həmişə demişik, Ermənistan Silahlı Qüvvələrinin Qarabağ zonasında fiziki mövcudluğu bölgədə sülh və təhlükəsizlik üçün narahatlıq doğurur”.