9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan da ayılır – Ermənistan Qafqazda tək qalacaq

ERMƏNİSTAN XÜSUSİ XİDMƏT orqanlarının başçısı tutduğu vəzifəsindən azad edilib. Azərbaycanın təmizləmə əməliyyatına hazırlaşmasından xəbəri olmayan bu orqan haqqında yaradılmış süni mif də dağıldı.

Bu orqanın bundan sonra nəsə etməyə çalışması sadəcə gülünc olar. Özü ciddi səhvlərə yol verən orqan E.R-nin Baş naziri Nikol Paşinyanı siyasi səhvlərə görə günahlandırır. Paşinyanın iradı və istefaya göndərmə səbəblərindən biri isə (daha ciddi səbəb başqadır) Azərbaycanın müharibəyə hazırlığı haqqında vaxtında məlumat əldə etməməsi olub. Bu iradı tutan Paşinyanın özü bu məsələdə günahkardır. Paşinyan hamının gözünü sərsəm, xəstə və yekəxana bəyanatları ilə kor edib yuxuya verəndə, özgə torpaqlarında yallı gedib kabab yeyəndə və digər öncəki yazılarımda vurğuladığım səhvləri edəndə nəticələri düşünməli və görməli idi.

“Azərbaycan torpağını sülh yolu ilə dilənməsin, vuruşub geri alsın” deyən Paşinyan bunun müharibəyə açıq-aydın təhrik və qızışdırmaq olduğunu dərk etməli idi. Onu müdafiə edənlər də bu amili görməkdə korluq çəkirlər. Beləliklə ortada olan bir xaos. Paşinyan isə yenə də erməni xalqını aldadıb uçuruma sürükləməkdə davam edir. Bu nə deməkdir? Bütün bunların məntiqi nəticəsi nədir? Budur ki, əgər sən Azərbaycanın müharibəyə hazırlaşmasını bilmirsənsə və indi də siyasi reallığı dərk etmirsənsə deməli davam etdiyin yolun da sonunu görmürsən.

Paşinyan görmür ki, başqa ölkənin hətta müharibənin getmədiyi ərazisində mülki vətəndaşları artilleriya atəşləri ilə öldürüb, yaralayıb, evləri, mülki obyektləri dağıtmağın sonu müharibədən sonra tələb olunacaq təzminatdır. Bu təzminat məsələsi təkcə bu amilləri əhatə etməyəcək. Həm də torpaqlarımızın 27 il qanunsuz istifadəyə görə tələb olunacaq təzminat olacaq. Hazırda bunların hesablanması və sənədləşdirilməsi gedir.

Paşinyan görmür ki, Ermənistan iqtisadiyyatı bundan sonra hansı vəziyyətdə olacaq. Bu başqa bir geniş mövzudur.

Paşinyan anlamır ki, Ermənistanın Gürcüstana qarşı əsl münasibəti və planları üzə çıxmaqdadır. Gürcüstanın bundan sonra ciddi bir şəkildə ermənilərin hərbi və strateji doktrinalarını, “böyük Ermənistan” planlarını daha yaxından və diqqətlə araşdıracaq. Gürcüstan həqiqəti tam gördükdən sonra bitərəf qalmayacaq. Bu gün bizim düşdüyümüz vəziyyətin Gürcüstanın gələcək nəsillərinin düşməməsi üçün tədbirlərini görəcək. Məhz bundan sonra Ermənistan Qafqazda təklənəcək.

Nəhayət, bundan sonra Azərbaycan özünün xarici siyasətinə də yenidən baxacaq, strateji planlarını da yenidən cızacaq.

2020-ci il Azərbaycan üçün dönüş ili oldu. Bundan sonra Azərbaycanda 2020-ci ilə qədər, 2020-ci ildən sonra ifadələri çox işlənəcək. Dünyada hörmət, imic və gücü daha da artacaq Azərbaycanla bundan sonra hər hansı sahədə Ermənistanın rəqabət aparması mümkün olmayacaq.

Paşinyan Azərbaycandakı birliyi, potensialı tam dərk etmir. Hələ də kiçik görür. Son çıxışında hər sözü, cümləsi sitata dönən Azərbaycan Prezidentinin günbəgün artan nüfuzu və bu nüfuzun təmizləmə əməliyyatlarının gedişinə təsirini, Azərbaycandakı birliyi, gündən-günə güclənən milli ruhu anlayırmı? Görürmü?

Gedişat və hərəkətləri göstərir ki, hələlik görmür. Təkcə Paşinyanmı? Təəssüf ki, hələlik ermənilərin 70-80%-i görmür. Amma görəcəklər. Özü də lap yaxında…

Müəllif: Elman Sadıqov
İqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər