“Bəs nə oldu Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” bütün işğal edilmiş torpaqları o cümlədən əhatə edir. Bəs gəl müdafiə et bunları. Nə qaçırsan Moskvaya? Nə zəng edirsən dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər anekdot personajına çevrilib. Açın baxın sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir”.
İlham Əliyev bunu xalqa müraciətində deyib.
“Ona görə mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı özünə “andiçmə” mərasimi keçirmişdi Şuşa şəhərində. O vaxt Azərbaycan cəmiyyətində bu, böyük rezonans yaratdı, yəni çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik. Biz hamımız, istisnasız. Mənə də, yadımdadır, çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin baxsın, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”, – deyə Azərbaycan Prezidenti bildirib.