“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumatlar verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan almaq və böyük əraziləri nəzarət altına almaqdır. Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonun 5 kəndi işğalçılardan azad edildi. Deyə bilərəm ki, həm şimal, həm cənub istiqamətlərində, həm də şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir. Bu günə qədər 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlər işğalçılardan azad edilib. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər gələcək”