2020-ci ilin oktyabrında beynəlxalq ödənişlərin ən populyar valyutası olaraq avro birinci yerə çıxıb. Qeyd edək ki, 2013-cü ilin fevralından bəri ilk dəfədir ki, dollar öz lider mövqeyini itirib.
Banker.az xəbər verir ki, bu barədə SWIFT məlumatlarına istinadən “Bloomberg” yazıb.
Agentlik bildirir ki, SWIFT ödəniş sistemi dünyanın 200 ölkəsində fəaliyyət göstərən 11 mindən çox maliyyə qurumunun sərhədlərarası ödəmələrini emal edir. Statistikaya görə, oktyabr ayında SWIFT vasitəsi ilə müştəri və təşkilati beynəlxalq ödəmələrin 37,8%-i avro, 37,6%-i isə dollarla həyata keçirilib.
“Bloomberg” qeyd edir ki, son dövrdə dolların daha az populyar olması ilk növbədə pandemiya, tənəzzül və siyasi qeyri-sabitlik səbəbindən yaranan dünya ticarətindəki yavaşlama ilə əlaqədardır. Ekspertlər yaxın gələcəkdə dolların kəskin ucuzlaşmasını proqnozlaşdırırlar.