Mərkəzi Bank maliyyə institutlarının korporativ idarəetmə standartlarına dəyişiklikləri təsdiqləyib.
Banker.az xəbər verir ki, dəyişikliklər Mərkəzi Bankın İdarə Heyətinin 7 iyul 2026-cı il tarixli, 30/2 nömrəli qərarı ilə qəbul olunub.
Qərar “Banklarda korporativ idarəetmə Standartları”, “Sığortaçılarda korporativ idarəetmə Standartları”, “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”, həmçinin “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı əhatə edir.
Dəyişikliklərə əsasən, maliyyə institutlarında müştəri şikayətlərinə baxılması üzrə müstəqil funksiya yaradılacaq. Bu funksiya maliyyə institutunun fəaliyyət miqyasından asılı olaraq ayrıca struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilə bilər.
Yeni tələbin əsas məqsədi müştəri hüquqlarının qorunmasını gücləndirmək, şikayətlərin qanunvericiliyə uyğun, obyektiv və operativ şəkildə araşdırılmasını təmin etməkdir. Eyni zamanda şikayətlərin uçotunun aparılması, onların təhlil edilməsi və müştəri müraciətləri əsasında daxili proseslərin təkmilləşdirilməsi nəzərdə tutulur.
Maliyyə institutları bu funksiyanın effektiv fəaliyyəti üçün zəruri resursları, məlumatlara çıxış imkanlarını və əməkdaşların mütəmadi inkişaf proqramlarına cəlb edilməsini təmin etməlidirlər.
Dəyişikliklər çərçivəsində maliyyə institutlarında etik davranış qaydalarının əhatə dairəsi də genişləndirilir, bu qaydalara nəzarət mexanizmləri gücləndirilir.
Etik davranış qaydaları maliyyə institutlarının rəhbər və işçi heyəti üçün davranış standartlarını, reputasiya risklərinin qarşısının alınmasını, maraqlar münaqişəsinin idarə edilməsini, şəffaflıq, dürüstlük və müştərilərlə ədalətli rəftar prinsiplərini əhatə etməlidir.
Mərkəzi Bank bildirir ki, dəyişikliklər istehlakçı hüquqlarının qorunması səviyyəsinin yüksəldilməsinə, maliyyə institutlarında etik davranış və müştəriyönümlü yanaşmanın gücləndirilməsinə, eləcə də maliyyə sektoruna ictimai etimadın artırılmasına xidmət edəcək.
Yeni tələblər 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:






