Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 954 əmanətçiyə 602 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
“Banker.az” Əmanətlərin Sığortalanması Fonduna istinadla bildirir ki, “Atabank”ın 9 639 əmanətçisi 235 milyon 362 min 608 manat, “Amrah Bank”ın 5 701 əmanətçisi 138 milyon 161 min 496 manat, “AGBank”ın 4 510 əmanətçisi 107 milyon 433 min 043 manat, “NBC Bank”ın isə 4 104 əmanətçisi 121 milyon 545 min 243 manat kompensasiya alıb.
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.