48 saat ərzində davam edən yarışda iştirakçılar əvvəlcədən müəyyən olunmuş mövzular üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram təminatı üzərində çalışıb. Beləliklə də, rəqəmsal təbliğat problemi üzrə Moldovadan olan “FakeReveal” komandası 1-ci yerə, müvafiq problem üzrə çalışan Azərbaycanın “AzOP Fables” komandası 2-ci yerə,  müdafiə texnologiyaları problemi üzrə isə Azərbaycandan “VRSoldiers” komandası 3-cü yerə layiq görülüb.

Tədbirdə PAŞA Bankı təmsil edən və mentor qismində hakatona qatılan Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilovun sözlərinə əsasən, biz, texnoloji yeniliklərin dünyanı sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq.

“Bizim məlumatları qavrama və istifadə etmə bacarığımız hansı aralıqda və nə dərəcədə sürətli öyrənməyimizə bağlıdır. Müasir texnologiyaların geniş tətbiqi fəaliyyət sahəsindən asılı olmayaraq artıq bir zərurətə çevrilib. PAŞA Bank, Azərbaycana yeniliklər gətirən bir qurum kimi gələcəkdə də bu səpkidə fəaliyyətini davam etdirəcək və gənc İT istedadlarını dəstəkləyəcəkdir. Şübhəsiz ki, bu cür yenilikçi hakatonlar bizə dəyişikliklərin öhdəsindən gəlməyə, sənayedə cari və gələcək çağırışları həll etmək üçün yeni texnologiyalar tapmağa və onları gündəlik həyata uyğunlaşdırmağa gözəl imkanlar yaradır”, deyə PAŞA Bankın təmsilçisi bildirib.

Məlumat üçün bildirək ki, onlayn tədbirdə 30-dan çox xarici və yerli mentorun dəstəyi ilə 19 xarici və 31 yerli komanda yarışıb.