Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44.3 min nəfər və yaxud 2.7 % artaraq 1 685.3 min nəfər olub, onlardan 914.9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 770.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, muzdla işləyənlərin 19.5%-i təhsil, 18.2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13.1%-i sənaye, 8.2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8%-i tikinti, 6.6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5%-i nəqliyyat və anbar təsərrüfatı, 3.5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4%-i peşə, elmi və texniki fəaliyyət, 1.8%-i maliyyə və sığorta fəaliyyəti, 13.2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.7% artaraq 704.5 manat təşkil edib. Amma bu rəqəm yanvar-sentyabr ayları ilə müqayisədə 0.3% azdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.