Bu gün Ermənistan Mərkəzi Bankının iclası keçirilib.
“İnterfax” agentliyi xəbər verir ki, iclasda ölkənin milli valyutası – dramın getdikcə dəyərdən düşdüyü nəzərə alınaraq uçot dərəcəsinin 1 faiz bəndi artırılmasına – 4,25%-dən 5,25%-ə çatdırılmasına qərar verilib.
Bu, 2020-ci ildə Ermənistanda ilk faiz artımıdır. Bundan əvvəl tənzimləyici qurum il ərzində uçot dərəcəsini 4 dəfə azaldıb, sonuncu dəfə sentyabrın 15-də 4,5%-dən 4,25%-ə endirib.
Xatırladaq ki, 2-ci Qarabağ müharibəsi erməni dramının məzənnəsinə təsirsiz ötüşməyib. Azərbaycanın əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən bəri qonşu ölkənin milli valyutası 8,25% ucuzlaşıb, Ermənistanda ABŞ dollarının məzənnəsi 485 dramdan 525 drama çatıb.