8 C
Baku
Thursday, December 12, 2024

İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb

İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər.

Nazirlikdən verilən məlumata görə, stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib.

Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb.

Artıq respublika üzrə yayımı həyata keçirilən “AzTV”, “Mədəniyyət” TV, “İdman Azərbaycan” TV, “İctimai” TV, “CBC” TV, “CBC Sport”, “Real” TV, “Xəzər” TV, “Azad Azərbaycan” TV və “ARB-24” telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, “Azərbaycan” radiosu və “İctimai” FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər