Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili modern.az-a müsahibəsində Azərbaycan pomidorunun Rusiya bazarına çıxışı ilə bağlı şərh verib.
Banker.az bildirir ki, Tahir Mirkişilinin fikrincə, iqtisadiyyatda bir mənbədən asılı olmaq həmişə riskdir.
“İqtisadiyyatımızın neftdən asılı olması riski də hər zaman aktualdır. Ona görə risklərin dversifikasiya olunması önəmli məsələdir. Azərbaycanın iqtisadi siyasəti və aparılan islahatlar da bu yönümdədir. Burada söhbət yalnız bir sektordan getmir. Bizim pomidorların Rusiya bazarlarına ixrac olunması zamanı bu ölkə tərəfindən qoyulan qadağaların hansı nəticələrə gətirib çıxara biləcəyi təhlükəsini gördük”.
T.Mirkişili deyib ki, qoyulan tapşırıq və bu tapşırığa əməl olunması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün gələcəkdə risklərin aradan qaldırılması baxımından da çox böyük rol oynayır.
“Azərbaycan zamanında Ərəb ölkələrinə, o cümlədən Dubaya meyvə-tərəvəzin ixracı ilə bağlı bir çox işlər gördü, bu istiqamətdə Qətərə ixracla bağlı bəzi layihələr də həyata keçirildi. Ərəb ölkələrinə meyvə-tərəvəz, bağçılıq məhsullarının ixrac olunması bizə böyük ixrac potensialına sahib olmaq imkanı yaradar. Çünki həmin bazarlarda əsasən, Hindistandan gələn meyvə-tərəvəzlər daha böyük paya sahibdir. Bu cəhətdən Azərbaycan sahibkarları bu istiqamətdə düzgün iş görərsə, qeyd edilən ölkələrin bazarlarında da yer tutmaq mümkündür”.
Millət vəkili sualı cavablandırarkən, ölkə ərazisində istehsal edilən meyvə-tərəvəzlər daha çox yaşıl, daha az gübrə verilməklə yetişdirildiyini dilə gətirir. O, Azərbaycanda daha az geni dəyişdirilmiş meyvə olduğundan Avropa Birliyi bazarlarına daxil olmaq şansların yüksək olduğunu vurğulayır.
“Biz hökmən standartları və sertifikatlaşmanı Avropa Birliyi stadartları səviyyəsinə çatdırmalıyıq”.
Artıq Azərbaycan sahibkarları Çin bazarına məhsul ixrac etməyə başlayıb. Ona görə bu bazarı yaddan çıxarmaq olmaz. Meyvə-tərəvəz, xüsusilə yaşıl və geni az dəyişdirilmiş meyvələrə tələbat böyükdür. Tahir Mirkişilidə olan məlumata görə, Azərbaycan məhsullarının Çin bazarındakı qiyməti Rusiya bazarındakı qiymətindən təxminən 2-3 dəfə çoxdur.
“Sadəcə, bizim sahibkarların daha böyük bazarlara baxışına ehtiyac var. Bəzən sahibkarlar çalışır ki, yaxın bazar olsun, qısa müddət ərzində məhsulumuzu sataq. Amma standartları qaldırmaqla daha uzaq bazarlara daxil olmağı da reallaşdırmalıyıq. Bu, həm də sahibkarlara böyük və sabit gəlir vəd edir. Bir bazardan asılılıq həmişə böyük təhlükədir”.