Trans-Adriatik Boru Kəmərinin (TAP) icbari bazar sınaqları iyulda ticarət mərhələsi ilə davam edəcək.
TAP-ın “Twitter” hesabına istinadən verilən məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) deyib.
Onun sözlərinə görə, TAP-ın genişləndirməsi üzrə yeni imkanlar təklif etmək üçün ən azı iki ildən bir bazar sınaqları keçiriləcək. TAP-ın ümumi ötürmə gücü 20 mlrd. kubmetrdir.
Xatırladaq ki, “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qaz vurulub. Kəmərin 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.