“Telegram” messencerinə söhbət otaqlarında mesajları avtomatik olaraq silmək funksiyası əlavə edilib. Belə ki, bu rejimdə mesajlar göndərildikdən 24 saat və ya 7 gün sonra silinir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Avtomatik silinmə taymer qurulandan sonra göndərilən bütün mesajlara təsir edəcək, daha əvvəl yazdığınız mesajlar isə söhbət tarixçəsində qalacaq. Bildirildiyi kimi, taymer mesaj göndərildikdən dərhal sonra işə düşəcək.
Qeyd edək ki, mesajların avtomatik silinməsi funksiyasını yalnız qrupun administratorları işə sala bilər.
Xatırladaq ki, 2021-ci ilin yanvarında “Telegram” dünyanın ən çox yüklənən tətbiqi olub. Ona olan maraq “WhatsApp” tətbiqinin siyasət qaydalarını dəyişdirmək niyyətində olduğunu açıqlaması ilə bağlı olub. Nəticədə cəmi üç gün ərzində “Telegram”da 25 milyondan çox insan qeydiyyatdan keçib.
2021-ci ilin sonunda messencerdə söhbət otaqlarını digər tətbiq (məsələn, “WhatsApp”, “Line” və “KakaoTalk”) vasitəsilə izləmək funksiyası əlavə edilib.