Cek Dorsiyə məxsus olan “Square” ödəmə sistemi 170 milyon dollara 3318 “bitcoin” alıb.
Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin dördüncü rübün hesabatına istinadən CNBC məlumat yayıb.
Bildirildiyi kimi, “Square” 2020-ci ilin sonunda aktivlərinin 5%-ni kriptovalyutaya çevirib. Onların ümumi məbləği 50 milyon dollar təşkil edib.
“Bunu nə üçün edirik? Biz hesab edirik ki, internet öz valyutasına ehtiyac duyur və onun “bitcoin” olacağına inanırıq”, – deyə Cek Dorsi investorlarla keçirdiyi telekonfransda bildirib.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayında “Tesla” investisiya siyasətini dəyişdirdiyini və “bitcoin” kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyduğunu açıqlayıb. Bu ilin fevralında isə “bitcoin” ilk dəfə 50 min dollar səviyyəsinə çatıb.
2020-ci ildə “Square” “bitcoin”in ekoloji mayninqinə dəstək olmaq üçün 10 milyon dollar vəsait ayırıb. Bu, şirkətin 2030-cu ilədək karbon tullantılarının miqdarını azaltmaq planının bir hissəsi olub.